Kanadanın “Arton Capital” konsaltinq şirkəti 2022-ci il üzrə qlobal pasport reytinqini (Global Passport Power Rank 2022) açıqlayıb. Azərbaycan bu reytinqdə 62-ci yerdədir.
Oxu.Az-ın məlumatına görə, “ən güclü xarici pasportlar”ın sahibi olan ölkələrin siyahısı vizasız gəliş-gediş rejimi əsasında tərtib olunub.
Reytinqə əsasən, respublikamızın vətəndaşları 80 ölkəyə vizasız daxil ola bilərlər. Sənəd sahibləri 34 ölkəyə viza almadan daxil ola bilirlər, daha 46 ölkədə isə onlara gəliş zamanı giriş icazəsi verilir.
Yeri gəlmişkən, siyahıda Azərbaycanla eyni pilləni Nambiya və Tunis bölüşür.
Reytinqin lideri BƏƏ-dir. Yaxın Şərq dövlətinin vətəndaşlarına yalnız dünyanın 18 ölkəsinə səfər etmək üçün viza lazımdır.
İkinci yeri Almaniya, İsveç, Finlandiya, Lüksemburq, İspaniya, Fransa, İtaliya, Niderland, Avstriya, İsveçrə və Cənubi Koreya bölüşürlər. Bu ölkələrin vətəndaşları (Cənubi Koreya istisna olmaqla) BƏƏ pasportuna sahib olanlardan daha çox ölkəyə (123-127 ölkə) vizasız gedə bilirlər, lakin dünyada giriş icazəsi tələb olunan ölkələrin sayı da 25-ə yüksəlib.
Rusiya pasportu Türkiyə ilə birlikdə 38-ci sırada qərarlaşıb – ruslara dünyanın 78, türklərə isə 73 ölkəsinə vizasız giriş icazəsi verilir. Səfər üçün viza tələb edilən dövlətlərin sayı eynidir – 75.
Reytinqdə sonuncu, 97-ci yeri Əfqanıstan pasportu tutub.