“2023-cü ilin mayında Türkiyə Respublikasında keçirilən 13-cü prezident seçkisindən sonra Rəcəb Tayyib Ərdoğanın ilk səfərini 12-13 iyun tarixlərində Azərbaycana etməsi ölkəmizin regionda, eləcə də beynəlxalq arenada sərgilədiyi düzgün siyasətin, eyni zamanda, Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərin qardaş Türkiyə tərəfindən dəstəklənməsi, habelə Prezident İlham Əliyevin beynəlxalq platformalarda icra etdiyi bütün layihələrə birmənalı dəstəyi ilə bağlıdır”.
Bunu Oxu.Az-a açıqlamasında deputat Məzahir Əfəndiyev bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə Türkiyə ilə Azərbaycan arasında strateji sahələri əhatə edən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb və Milli Məclis tərəfindən ratifikasiya olunub:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra dövlət səfərini Azərbaycan Respublikasına etməsində əsas məqsədlərdən biri gələcək dünya nizamının daha ədalətli formalaşması üçün məsləhətləşmələrin aparılması və birgə addımların atılmasının zəruriliyini nəzərdən keçirməkdir.
Türkiyə Respublikasının rəhbərindən dərhal sonra, Azərbaycan xalqı üçün xüsusi tarixdə – Milli Qurtuluş Günündə Pakistan İslam Respublikasının Baş nazirinin ölkəmizə səfər etməsi həddindən artıq əhəmiyyətli idi. Bu səfər Azərbaycanın müzəffər Ordusunun Ali Baş Komandanının 44 günlük müharibədə nümayiş etdirdiyi müdrik siyasətə olan diqqət və iki ölkə arasında qardaşlığın möhkəmləndirilməsinə doğru Pakistan dövlətinin münasibətidir”.
“Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevin dünyanın bu geosiyasi gərginliyində, habelə postpandemiya və postmüharibə dövründə Azərbaycan xalqının rifahı naminə ölkəni uğurlu idarəetməsi ilə tanış oldu və mətbuata bəyanatında açıq səsləndirdiyi kimi, burada gördüklərini, öyrəndiklərini hətta öz gələcək işində tətbiq etməsi üçün bu səfəri əhəmiyyətli hesab etdi.
Ümumilikdə, hər iki dövlətin – istər Türkiyə, istərsə də Pakistan rəhbərliyinin ölkəmizə səfərlərinin əsas məqsədi Azərbaycanın bundan sonrakı ədalətli, bu günün reallıqlarına əsaslanan düzgün siyasətinə dəstək olmaq, habelə qloballaşan dünya düzəni və ticarətində əlverişli mövqeləri, gələcək addımları məhz Azərbaycanın maraqlarını nəzərə almaqla həyata keçirməkdir”, – deyə deputat bildirib.
Qeyd edək ki, iyunun 12-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, iyunun 14-də isə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasında rəsmi səfərdə olublar.
İlhamə Əbülfət