Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçirilib.
“TRT Haber”in verdiyi məlumata görə, toplantıda dövlət başçısının Azərbaycana rəsmi səfərinin yekunları da müzakirə olunub.
İclasdan sonra Türkiyə prezidenti mətbuata açıqlamalar verib. O, Şuşa bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirib.
“Şuşa bəyannaməsi ilə münasibətlərimizdə yeni bir dövr başlatdıq. Azərbaycanla bir çox anlaşmanı yaxın zamanda imzalayacağıq, qardaşlığımızın hüquqi təməlini gücləndirəcəyik”, deyə Ərdoğan bəyan edib.
Qeyd edək ki, toplantıda alınan qərara əsasən, iyulun 1-dən etibarən Türkiyədə pandemiya səbəbindən tətbiq olunan komendant saatı ləğv olunacaq. Bununla yanaşı, bir sıra məhdudlaşdırıcı tədbirlər də yumşaldılacaq.