• C. Noy 29th, 2024

Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə görəcəyi işləri açıqlayıb

ByYenigun.news

Apr 11, 2023


“Gələcək dövrdə prioritetimiz fevralın 6-da baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq, dağılmış şəhərlərimizi bərpa etməkdir”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının seçki platforması və millət vəkilliyinə namizədlərinin ictimaiyyətə təqdim olunması mərasimində deyib.

Onun sözlərinə görə, vətəndaşlarının həyat və əmlak təhlükəsizliyi hakimiyyət üçün ən vacib məqamdır:

“Şəhərlərimizi təbii fəlakətlərə qarşı daha hazırlıqlı vəziyyətə gətirməyə çalışacağıq”.

R.T.Ərdoğan söyləyib ki, Türkiyə gələcək dövrdə də terrorla mübarizəni davam etdirəcək:

“Hüquqi dövlət sistemimizi gücləndirəcəyik. Terror təşkilatlarının siyasətə müdaxiləsinə göz yummayacağıq. Tələbələrimizə aylıq 10 GB-lıq pulsuz internet verəcəyik. Əhalimizin yoxsullaşmasının qarşısını alacağıq. Turizm sahəsinə də əlavə investisiya ayıracağıq”.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Dövlət başçısı postu uğrunda dörd namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Muharrem İnce və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

“Cümhur İttifaqı”na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata İttifaqı”na Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.

Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir.

Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir