• Be. Noy 25th, 2024

Ərdoğanın Ər-Riyad səfəri: Türkiyənin və Səudiyyə Ərəbistanının istədikləri – TƏHLİL

ByYenigun.news

Apr 28, 2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin illərdir sarsıntılı münasibətdə olduğu Səudiyyə Ərəbistanına səfər edəcək və kral Salman bin Əbdüləziz Əs-Səudla görüşəcək. Ərdoğanın Ər-Riyada gedişi iki ölkə arasında barışıq prosesi üçün kritik əhəmiyyət kəsb edir.

Ancaq daha geniş kontekstdə yanaşanda normallaşma Ankaranın əlverişsiz şərtlərə məruz qalmadığı təqdirdə mümkündür. Proyeksiyanı ona görə Türkiyənin üzərinə tuturuq ki, daha çox Səudiyyə Ərəbistanı Ankara ilə normal əlaqələrə ehtiyac duyur.

Bu ehtiyac müdafiə qabiliyyətinin zəruri gücləndirilməsindən irəli gəlir. Səudiyyə Ərəbistanı Yəməndəki Husi hərəkatının regiona təhlükə yaratdığını düşünür və ölkə həmin şiə qruplaşmasının hədəf taxtasındadır, tez-tez atəşə məruz qalır.

Bu təhdid tablosu Səudiyyə Ərəbistanı qarşısında təhlükəsizlik çağırışları qoyur və Ər-Riyad Yəməndəki məqsədlərinə Türkiyənin dəstəyi ilə çatmaq istəyir.

Çünki Türkiyənin yüksələn müdafiə modeli ikitərəfli münasibətlərdə alternativ praqmatik istiqamətlər üzrə inkişafı təşviq edir.

Bunun üçün Səudiyyə Ərəbistanı Türkiyənin effektiv hərbi sənaye potensialına müraciət edir və ən müasir silahların (əsasən də zərbə dronlarının) ölkəyə idxalına başlamaq niyyətlərini qarşı tərəfə çatdırır. Yeni səhifə açılsa, bu, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı mübahisələri yumşaldacaq.

Əgər münasibətlər normal axara qayıdarsa, bu, Ankaraya ən azından üç qaynar nöqtədə – Suriya, Misir və Şərqi Aralıq dənizi –  regional çəkisini artırmaq potensialını təqdim edəcək. 

Suriya amili:

Ər-Riyada Bəşər Əsəd hakimiyyəti ilə əlaqələri bərpa etmədiyini bildirdikdən sonra Suriya üçün ümumi siyasi baxışın müəyyən edilməsi Türkiyə-Səudiyyə Ərəbistanı masasında ortaq maraqları inkişaf etdirəcək.

Şərqi Aralıq dənizi:

Ankara hesab edir ki, Ər-Riyadla münasibətlərin bərpası Səudiyyə Ərəbistanını Yunanıstan tərəfdarı olmaq mövqeyindən yayındıracaq.

Misir:

Səudiyyə Ərəbistanı Türkiyənin gərgin münasibətdə olduğu Misirə çıxış imkanlarını asanlaşdırır.

Ərdoğanın səfəri daha geniş regional təsirlər yaratmağa hədəflənib. Bu, İran üçün də siqnaldır, çünki Türkiyə-Səudiyyə Ərəbistanı kimi regionun iki nəhəngi arasında buzların əriməsi İranın bölgə üzərindəki təsirlərini azaldacaq.

Ərdoğanın səfərinin digər hədəfi iqtisadi əlaqələrin bərpasıdır, çünki Səudiyyə Ərəbistanı Türkiyə mallarını boykot etdiyindən iki ölkə arasında ticarətin həcmini əhəmiyyətli dərəcədə azaldıb.

İndi Türkiyə də, Ər-Riyad da bu problemi aradan qaldırmaq üçün səyləri birləşdirirlər və nəticədə yeni müqavilələrin bağlanması gözlənilir.

İki ölkə hərtərəfli anlaşmaya imza atacaqsa, bu, regional sabitləşdirmə planının da işlənib-hazırlanmasına təkan verəcək.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir