Türkiyənin qazandığı uğurlar: Ankara dünyada söz sahibinə çevrilib
Türkiyə Cümhuriyyətinin 100 illik tarixində mövcud hakimiyyət daha uzunömürlü və qətiyyətli olub. 1991-ci ildən 2002-ci ilədək Türkiyədə 7 dəfə hökumət dəyişib. Bundan əvvəl isə Türkiyə hərbi çevrilişlərin baş verdiyi ölkə olaraq tanınırdı. Çevrilişlərdən sonra isə Türkiyə hər iki ildən bir dəyişən, bəzən bir neçə ay sürən hökumətlər ölkəsi idi.
Türkiyədə belə bir vəziyyətə 2002-ci il noyabrın 3-də keçirilən parlament seçkiləri ilə son qoyuldu. Həmin siyasi kampaniyada Ədalət və İnkişaf Partiyası (AK Parti) səslərin böyük əksəriyyətini qazanaraq təkbaşına iqtidar oldu.
21 il ərzində Rəcəb Tayyib Ərdoğanın başçılığı altında Türkiyə regional gücdən qlobal söz sahibi olan dövlət çevrilib.
Dünyada baş verən bir çox məsələlərdə Türk dövlətinin imzası var
– Ankara Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunmasına hərbi, siyasi və mənəvi dəstək verib.
– Türkiyə terrorçu İŞİD-ə qarşı mübarizədən tutmuş separatçılığa qarşı mübarizədə aparıcı rollardan birini oynayıb.
– Afrikanın şimalında baş verən “Ərəb baharı”nda yenilikçiləri dəstəkləyərək regional güc olduğunu təsdiqləyib.
– Ukraynadakı müharibədə rəsmi Ankaranın tutduğu mövqe dünyada taxıl və ərzaq qıtlığının aradan qalxmasına yardım edib.
– Özünün ərazi bütövlüyü və təhlükəsizliyini təhdid edən terrorçu PKK-ya qarşı qətiyyətli mübarizə aparıb. Bundan başqa Suriya və İraq ərazisində keçirilən antiterror əməliyyatları ilə ölkəni təhdid edən terror yuvaları məhv edilib.
– Suriyada sərhədboyu ərazidə Türkiyə hərbçilərinin yerləşdirilməsi də bu iqtidarın uğurlarındandır.
Türkiyə İraq və Suriyadan olan 3 milyondan çox qaçqına sığınacaq vermişdi. Bununla həm də dünyaya türkün humanistliyini nümayiş etdirib.
Rəcəb Tayyib Ərdoğan hakimiyyəti ölkədə hərbi çevrilişin keçmişdə qaldığını və təkrarlanmasının mümkünsüzlüyünü də sübut edib. Bu iqtidar 2016-cı il iyulun 15-də FETÖ terror qruplaşmasının hərbi çevriliş yolu ilə hakimiyyəti ələ keçirmək cəhdinin qarşısını almaqla Türkiyənin demokratik yolla inkişafa sadiqliyini nümayiş etdirdi.
R.T.Ərdoğan hakimiyyəti Türkiyədə davam edən iqtisadi böhranın, kəskin inflyasiyanın qarşısını aldı. Bu hakimiyyət ölkədə böyük korrupsiya qruplarını ifşa edərək məhkəmə önünə çıxartdı. Bununla məhkəmə sisteminin rolunu və nüfuzunu artırdı.
Türkiyənin hərbi sənayesi son 20 ildə daha güclü inkişaf edib. Türkiyə uzun müddətdir istehsal etdiyi yerli və milli texnologiyaları ilə müdafiə sənayesi sahəsində bütün dünyada səs salıb.
Ölkənin müdafiə və aviasiya ixracatı ötən il 4 milyard dolları keçərək tarixin ən yüksək səviyyəsinə çatıb. Türkiyənin milli və orijinal olaraq hazırlanmış ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar” və “Kızılelma”nın ilk uçuşu da uğurla həyata keçirilib.
Türkiyə R.T.Ərdoğan iqtidarı dövründən başlayaraq iqtisadi sahə başda olmaqla bir çox sahədə inqilabi xarakterli addımlar atmağa başladı. Təhsildən tutmuş iqtisadi təşəbbüslərə qədər hər sahədə bərabər imkanları təmin edən işlər görüldü. Vətəndaşların, inkişaf etmiş ölkələrdə olan bütün imkanlar sahib ola biləcəyi, üstəlik bunun güclü bir sosial dövlət çətiri altında asanlıqla əldə ediləcəyi bir infrastruktur yaradıldı. 2002-ci ildəki 600 milyon dollarlıq xarici borc tamamilə aradan qalxaraq, 2022-ci ildə 48 milyard 769 milyon dollarlıq müsbət saldoya çatıb.
Bütün bunlar bir daha sübut edir ki, Türkiyə Cümhuriyyətin 100 illiyini mayın 14-dən sonra da “Doğru zaman, Doğru adam”la qeyd və “Doğru addımlarla yola davam” edəcək.
“Report” İnformasiya Agentliyi