• Ç. Noy 27th, 2024

“Əsas hədəf Azərbaycana səfər edən əcnəbilərin sayını 4 milyona çatdırmaqdır” – TƏHLİL + FOTO

ByYenigun.news

Fev 4, 2023

Koronavirus pandemiyası tüğyan edən dönəmdə bütün dünyada turizm sahəsi çöküş yaşayırdı. Qapanmalar səbəbindən Azərbaycanda da turizmin inkişafı durğunluq içərisində idi. 2022-ci ildə isə, nəhayət, pandemiyanın təsirlərinin minimuma enməsi, qadağaların aradan qalxması, xüsusi karantin rejiminin yumşalması Azərbaycana turist axınının güclənməsinə səbəb olub.

Dövlət Turizm Agentliyinin (DTA) hər ilin sonu açıqladığı statistikaya görə, 2022-ci ilin yanvar-dekabr ayları ərzində ölkəyə 1 602 600 nəfər turist gəlib. Bu göstərici 2021-ci illə müqayisədə 103 faiz artım deməkdir. Bu il ölkəmizə səfər edən xarici vətəndaşlar içərisində ilk yerlərdə ardıcıl olaraq Rusiya, Türkiyə və İrandan gələnlər qərarlaşıblar. Sonrakı sıralamada Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Pakistan və Özbəkistan turistləri növbələşirlər.   

2022-ci ilin sonunda keçirilən Azərbaycan Turizm Sammitində 2023-cü il üçün turizm hədəfləri açıqlanıb, bu sahədən daxil olan gəlirin artırılması planlaşdırılıb. Turizm Agentliyinin sədri Fuad Nağıyev növbəti 4 ildə turizmin hərtərəfli inkişafına yönəlmiş 10 əsas təməl istiqamət üzrə hədəflərin müəyyənləşdirildiyini bildirib. Bu hədəflər həm də “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan məqsəd və tapşırıqların icrasına istiqamətlənib. Əsas məqsəd Azərbaycanı dayanıqlı, əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirməkdir.

Agentlik sədri qeyd edib ki, əsas hədəflərdən biri 2026-cı ildə Azərbaycana səfər edən əcnəbilərin sayını 4 milyon nəfərə, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaqdır. Təkcə 2023-cü ildə daxili turistlərin sayında keçən illə müqayisədə 30 faizdən çox artımın olacağı proqnozlaşdırılıb. 

2026-cı ildə turizm xərcləmələri 2021-ci illə müqayisədə 4 dəfə artaraq 11,2 milyard manata çatacaq, bunun da 49 faizi, yaxud 5,5 milyard manatı əcnəbi turistlərin payına düşəcək. Ümumilikdə isə 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1,5 dəfə artacaq, orta hesabla hər il turizm sektorunda 20 faiz artım qeydə alınacaq.

2022-ci ilin əvvəlində turizm sahəsi ilə əlaqədar yeni Turizm qanunu müzakirəyə çıxarılıb və parlament tərəfindən qəbul edilib. Qanunda Turizm reyestri, mülki məsuliyyət sığortası, hotellərin ulduzlaşması və digər bir sıra vacib məqamlar öz əksini tapıb. 2023-cü ildə turizmin inkişafı istiqamətində yeni qanun layihəsinin də müsbət rol oynayacağı, daha bir sıra tənzimləmələrin həyata keçiriləcəyi gözlənilir.

Azərbaycan Turizm Sammitindəki çıxışı zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun azad etdiyi ərazilərin turizm potensialının öyrənilməsi, reallaşdırılması və tanıdılması üçün həyata keçirilən çoxistiqamətli tədbirlərdən bəhs edən Fuad Nağıyev turizmin Qarabağda və Şərqi Zəngəzurda insanların yaşayışını təmin etmək üçün aparıcı sahələrdən biri olacağını vurğulayıb. Həmin bölgənin turizm destinasiyası kimi inkişaf etdirilməsinə başlanması 2023-cü ildə əsas istiqamətlədən biri olacaq.

Agentlik tərəfindən “Qarabağ Zəfər Marşrutları” konsepsiyası çərçivəsində “Yolumuz Ağdama”, “Füzuli və Xocavəndə” birgünlük turların layihəsi işlənib, Şuşa şəhərinin və Daşaltının turizm inkişaf planı hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Bütövlükdə, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin turizm imkanların qiymətləndirilməsi aparılaraq, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Regional Turizm Strategiyası və Fəaliyyət Planının layihəsi hazırlanıb.

Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə isə turizm səfərlərinin təşkili üçün işlər yekunlaşmaq üzrədir və 2023-cü ildə bu şəhərimizə geniş turizm səfərlərinin şahidi olacağıq.

Ümumilikdə, 2023-cü il Azərbaycan üçün turizm sahəsində önəmli inkişaf mərhələsi kimi gözlənilir. Həm daxili turizm səfərlərinin çoxaldılması, həm xaricdən ölkəmizə gələn turistlərə yeni destinasiyaların tanıdılması, həm də azad olunmuş ərazilərin turizm potensialının gələcək perspektivlərinin müəyyənləşdirilməsi baxımından bu il əhəmiyyətli addımların şahidi olacağıq. 

Aytac Qasımova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir