Ət və ət məhsullarında növbəti dəfə qiymət artımı müşahidə olunur. Sümüksüz mal ətinin bir kiloqramı 16, sümüklü isə 14 manata satılır. Ötən həftə isə müvafiq olaraq 15 və 13 manat idi. Bir həftədə ət məhsullarında müşahidə olunan qiymət artımı insanlar tərəfindən birmənalı qarşılanmayıb.
Ərzaq mallarının sürətlə bahalaşmasının əsas səbəbi kimi dünyada ərzaq qiymətlərinin nəzərəçarpacaq dərəcədə yüksəlməsi göstərilir. Eləcə də pandemiyanın hələ də aradan qalxmaması, kənd təsərrüfatı məhsullarının yetəri qədər artmaması bahalaşmaya şərait yaradır.
Bununla yanaşı, Ukrayna və Rusiya müharibəsi səbəbindən də bir çox ərzaq məhsullarının qiymətində bahalaşma müşahidə olunur.
Bəs görəsən, bahalaşma nə vaxta qədər davam edəcək?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimov bahalaşmanı təbii proses hesab edir:
“Hər hansı bir məhsulun qiymətinin formalaşması onun maya dəyərini təşkil edən xərclərdən ibarətdir. Yemdə, daşınmada, nəqliyyatda, yanacaq xərclərində, lisenziyada, icazələrdə və digər kommunal xidmətlərdə artım müşahidə olunursa, bu, yekun məhsulun qiymətinə təsir edəcək.
Məhsulun qiymətəmələgəlmə prosesini təşkil edən əsas meyarlar ona çəkilən xərclərdir. Xərclərə istilik, vergi, əməkhaqqı, xammal və daşınma xərcləri daxildir. Bunlar toplanır. Üzərinə 10-20 faiz mənfəət gəldikdən sonra məhsulun qiymətəmələgəlməsi baş verir”.
A.İbrahimov qeyd edib ki, ətin qiymətinin bahalaşmasına təsir edən əsas göstərici yem məhsullarının qiymətinin artmasıdır:
“Qiymətləri stabil tutmaq lazımdır ki, artım müşahidə olunmasın. Bunlara çarə tapa bilmiriksə, qiymətlər bahalaşmağa doğru gedirsə, istehsalı artırmaq lazımdır.
Bazarlarda qiymətin düşməsinə təsir edə biləcək faktorlarından biri Azərbaycana Rusiya və Ukraynadan daşınan mal-qaranın qiymətlərinin aşağı olmasıdır. Ətin qiymətinin bahalaşmasına təsir edən əsas göstərici yem məhsulları, daşınma, kommunal xərclərinin artmasıdır. Fermer əməkdaşına ötən il 250 manat əməkhaqqı verirdisə, indi 300 verir”.
İqtisadçı Rəşad Həsənov əlavə edib ki, bahalaşmanın sonunun olacağını demək çox tezdir:
“Pozitiv istiqamətə köklənmiş meyillər, ümidlər Rusiyanın son addımları ilə daha da pisləşib. Çünki burada qiymət artımını şərtləndirən müxtəlif səbəblər var. Bunlardan biri də Rusiya-Ukrayna konfliktidir. Xammalın baha başa gəlməsi, kənd təsərrüfatında istifadə olunan məhsulların baha başa gəlməsi bütün istiqamətlərdə özünü göstərir. Azərbaycan hökumətinin özünün də bu istiqamətdə proqnozları var.
Büdcə sənədində 2023-cü ildə inflyasiyanın hələ də altı faiz ətrafında olacağı proqnozlaşdırılır. Qida inflyasiyası 8-10 faiz olacaq. Qeyri-rəsmi ehtimallar ondan ibarətdir k, 2023-cü ildə qida məhsullarının təminatında 20 faiz inflyasiya ola bilər”.
R.Həsənov 2023-cü ilin sonunda idarəolunan qiymət artımları olacağını söyləyib:
“2023-cü ilin ikinci yarısından etibarən qismən də olsa, qida təchizatında təklifin artması gözlənilir. Hər hansı bir məhsul növləri üzrə tələb yarananda həmin istiqamətlərdə investisiya qoyuluşları artmağa başlayacaq.
Bu gün qlobal səviyyədə qida məhsullarının istehsalı ilə bağlı bir səfərbərlik var. Demək olar ki, ölkələr bu istiqamətlərdə müxtəlif təşviq alətlərindən istifadə etməyə çalışırlar. 2023-cü ilin ikinci yarısında qismən də olsa, bu istiqamətdə artım meyillərinin zəifləməsini və 2023-cü ilin sonuna artıq təxminən idarəolunan bir qiymət artımlarını görəcəyik. Bu, illik iki-üç faiz qiymət artımlarının səviyyəsinə nail olma imkanı yarada bilər”.
Nəzrin Vahid