• Ç. Noy 6th, 2024

“20 Yanvar faciəsinə gedən yol 1988-ci ildən başlayıb” – RƏY + FOTO

ByYenigun.news

Yan 18, 2023

“20 Yanvar faciəsinə gedən yol 1988-ci ildən başlayıb. Çünki 1988-ci ildə ermənilər Qarabağın Ermənistana birləşdirilməsi iddiası ilə bağlı fasiləsiz mitinqlər keçirirdilər”.

Bunu Oxu.Az-a açıqlamasında Qərbi Azərbaycan İcması sədrinin müavini Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı da məhz belə həyasızlığa etiraz olaraq meydanlara çıxdı:

“Eyni ittifaq dövlətinin (keçmiş SSRİ-nin – red.) tərkibində olsaq da, Moskva ermənilərin bu hərəkətinə göz yumdu. Hətta onları dəstəklədi. Çünki 1988-ci ilin fevral ayında ozamankı Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqambekyan Fransada çıxış edərkən Qarabağın iqtisadi və sosial baxımdan Ermənistana daha yaxın olduğunu əsaslandırmağa çalışdı. Beləliklə də, Azərbaycan xalqı məhz buna etiraz olaraq meydanlara çıxdı”.

H.Babaoğlu qeyd edib ki, Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizəyə başladı:

“Əlbəttə ki, artıq 1990-cı ildə hadisələr çox gərgin bir həddə çatmışdı. Çünki ermənilər öz separatçılıq niyyətlərindən əl çəkmirdilər. Azərbaycan xalqı isə öz müstəqilliyi, ərazi bütövlüyü və suveren hüquqları uğrunda yumruq kimi birləşmişdi. Ona görə də sovet imperiyasının daha sonrakı mərhələ üçün planlaşdırdığı niyyətlərə çatmaq, Azərbaycan xalqının mübarizəsini qırmaq üçün məqsədi müəyyənləşmişdi. Bu da 20 Yanvar faciəsi ilə nəticələndi. İmperiya öz vətəndaşlarına qarşı amansız bir cəza tədbiri tətbiq etdi və Azərbaycan xalqının iradəsini qırmağa çalışdı. Ancaq Azərbaycan xalqı bütün bunlara baxmayaraq, öz mübarizəsini davam etdirdi.

1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəmanlarımız sovet imperiyasının qaniçən ordusuna qarşı əliyalın mübarizəyə qalxaraq, öz haqlarını tələb etdilər. Doğrudur, bir qədər gec oldu, ancaq Azərbaycan xalqının qəhrəman övladlarının müstəqillik, suverenlik, ərazi bütövlüyünün bərpası arzuları yerdə qalmadı”.

“Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət xadimi Heydər Əliyev tərəfindən 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi qiymət verildi. Bu faciəni törədənlərin kimliyi müəyyənləşdirildi və onların adı Azərbaycan tarixinə qara bir ləkə kimi yazıldı. Lakin bu da məsələnin hamısı deyildi. Çünki sonrakı mərhələdə məhz şəhidlərin qanının yerdə qalmaması üçün Azərbaycan güclü ordu qurmağı bacardı. Ən müasir texniki təchizat və peşəkar kadr komplektləşdirməsi apararaq, işğal altındakı torpaqlara azadlıq gətirəcək güclü bir ordu qurdu.

2020-ci ildə 44 günlük müharibə dövründə Azərbaycan elə bir tarixi qələbəyə imza atdı ki, bu həm də 20 Yanvar şəhidlərinin ideyalarının reallaşması oldu. Xalqımızın uzun illərdən bəri arzu etdiyi, görmək istədiyi müstəqil Azərbaycanın suverenliyinin təntənəsi oldu. Azərbaycanın qəhrəman oğulları yeni bir səhifə açaraq, Azərbaycan dövlətçiliyini yeni inkişaf mərhələsinə daxil etdilər”, – sədr müavini vurğulayıb.

Hikmət Babaoğlu əlavə edib ki, bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışdır:

“Ali Baş Komandanın rəhbərliyi altında qazanılan tarixi Zəfər həm də son bir əsrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilən cinayətlərin layiqli cəzası oldu.

Bu gün şəhidlərimiz öz müqəddəs xiyabanlarında rahatlıqla uyuyurlar. Azərbaycan xalqının əldə etdiyi bu qələbə bir daha dosta da, düşmənə də göstərdi ki, aradan illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı öz ideallarına sadiqdir. Nə qədər vaxt keçsə də, böyük əzmkarlıq və qətiyyətlə öz haqqını tələb etməyi və əldə etməyi bacarır.

Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir. Zəngilanın Ağalı kəndi ilə “Böyük Qayıdış” başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək. Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı yeni prioritet kimi müəyyən edib. İnanırıq ki, azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə qayıdacaqlar. 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər bu ümidləri daha da gücləndirdi”.

Nəzrin Vahid

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir