İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Prezident 2023-cü ilin altı ayında qarşıda duran vəzifələri aşağıdakı kimi xarakterizə edib:
– Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi;
– Qeyri-neft sektorunun inkişafı;
– Qarabağın və Şərqi Zəngəzurun bərpası;
– İqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi.
Prezident deyib ki, bu ilin altı ayı ərzində iqtisadiyyatımız inkişaf edib, halbuki, mütləq rəqəmlər o qədər də böyük deyil.
“Ancaq qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Qeyri-neft sənayemiz 6,5 faiz artıb və qeyri-neft sektoru, ümumiyyətlə, üç faizdən çox artıb”, – deyə İlham Əliyev qeyd edib.
Keçən müddət ərzində Azərbaycanın maliyyə durumu da yaxşılaşıb. İlham Əliyevin sözlərinə görə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi – bütün bu amillər imkan verdi ki, ilin ortasında büdcəyə yenidən baxılsın və dürüstləşmə aparılsın.
“Bu, çox sevindirici haldır, çünki proqnozlardan xeyli dərəcədə böyük vəsait toplandı. Onsuz da, bizim builki dövlət büdcəmiz rekord həddə çatıb, 33 milyard manatdan çox səviyyəyə qalxıb”, – deyə dövlət başçısı əlavə edib.
Bildirək ki, dövlət büdcəsinin dürüstləşdirilməsi nəticəsində iki istiqamət ortaya qoyulub.
Büdcə xərcləri bütövlükdə üç milyard manatdan çox artırılacaq. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndiriləcək, 1,1 milyard manat isə hərbi potensialın güclənməsinə.
“Yəni ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilib və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bunlardır”, – deyə Prezident bildirib.
Bildirək ki, Azərbaycan dövləti sosial-iqtisadi layihələri davam etdirəcək.
Azərbaycan bütün gücünü və resurslarını işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində səfərbər edir.
Müharibə bitdikdən sonrakı iki il yarım ərzində görülən işlərin miqyası belə deməyə əsas verir. Azərbaycan öz gücünə, heç bir yerdən yardım almadan “Böyük Qayıdış” proqramını uğurla icra edir.
Aqil Vəlili