• Ça. Noy 26th, 2024

“ABŞ Azərbaycan Prezidentinin qətiyyətli siyasi kursunu təqdir edir” – RƏY

ByYenigun.news

May 21, 2022

“ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərməsi ölkələr arasında yüksək səviyyəli əməkdaşlığa verilən qiymətdir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Deputat 44 günlük Vətən müharibəsindən sonra dünyanın Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etdiyini vurğulayıb:

“Artıq vəziyyət, qlobal düzən, reallıqlar dəyişib. 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz zəfər bütün diqqətləri Azərbaycana doğru yönəldib, dünyaya Azərbaycanı yenidən tanıdıb, bölgədəki gücümüz və liderliyimiz hər kəs üçün qəbuledilən olub. Müstəqillik Günü münasibətilə də ABŞ rəhbəri Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda da görünən əsas məqam odur ki, ABŞ Azərbaycanla strateji əməkdaşlığın davam etdirilməsində, həmin strategiyanın inkişafında maraqlıdır”.

Onun sözlərinə görə, məktubda xüsusi qeyd olunan ən vacib məsələlərdən biri ABŞ-ın Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyinin ifadə olunmasıdır:

“Bu, ABŞ-ın ölkəmizlə münasibətlərə verdiyi yüksək önəmin və Azərbaycanın Cənubi Qafqazdakı aparıcı mövqeyinə dəstəyinin təcəssümüdür. Məktubda həmçinin qeyd edilib ki, ABŞ qarşıdan gələn illərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusundadır. Bu da Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada artan nüfuzundan xəbər verir”.

Deputat qeyd edib ki, ABŞ Prezidentinin məktubunda digər bir mühüm məqam isə Azərbaycanın beynəlxalq təhlükəsizlikdə rolu ilə bağlı məsələnin qeyd edilməsidir:

“Bildiyiniz kimi, ölkəmiz dəfələrlə ABŞ-ın dəstəyi ilə formalaşan beynəlxalq antiterror tədbirlərində fəal iştirak edib. Azərbaycan hərbçiləri müxtəlif ölkələrdə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini veriblər. Azərbaycan bu gün də dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına yardımını əsirgəmir. Bu baxımdan məktubda ABŞ Prezidentinin Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi və bu ölkəyə göndərdiyi humanitar yardımları yüksək qiymətləndirməsi, terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələri təqdir etməsi ölkəmizin qlobal məsələlərdəki qətiyyətli mövqeyinə olan ehtiramın təzahürüdür”.

YAP funksionerinin sözlərinə görə, Müstəqillik Günü ərəfəsində Cozef Baydenin məktubu ümumilikdə ondan xəbər verir ki, Ağ Ev hazırkı gərgin beynəlxalq münasibətlər sistemində də Prezident İlham Əliyevin qətiyyətli siyasi kursunu görür və təqdir edir:

“Bu da olduqca qürurverici bir haldır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir