ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obraynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsində sərsəmləmələrindən heç iki həftə keçməmiş Ağ Ev yeni təşəbbüslə çıxış etdi. Belə ki, noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etdi.
Telefon söhbəti zamanı Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obraynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib.
Təbii ki, bu telefon danışığı Azərbaycanın növbəti siyasi uğurudur. Çünki Konqresdə səslənən fikirlər və Azərbaycana hərbi yardımın dayandırılması haqqında qərar bəzilərində belə bir fikir formalaşdırmışdı ki, ABŞ Azərbaycana qarşı siyasətini dəyişir. Lakin sonrakı proseslər və Antoni Blinkenin telefon zəngi onu göstərdi ki, Azərbaycan ABŞ üçün əvəzolunmaz tərəfdaşdır.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, bu, Azərbaycan diplomatiyasının növbəti uğurudur:
“Prezident İlham Əliyev çox böyük siyasi ustalıq göstərdi. Nəticədə ABŞ geri çəkildi. Bildiyiniz kimi, noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayn Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində bildirmişdi ki, ABŞ birtərəfli qaydada bu ölkənin yüksəksəviyyəli rəsmilərinin Azərbaycana səfərini dayandırır.
İndi isə Blinken Azərbaycan Prezidentindən xahiş edir ki, Obraynın Bakıya səfərinə icazə versin.
Üstəlik, Dövlət katibi hər iki ölkənin yüksəksəviyyəli rəsmilərinin görüşünü vacib sayır. Bu da o deməkdir ki, ABŞ Azərbaycan qarşısında geri çəkilir”.
Elmar Məmmədyarov onu da qeyd edib ki, ABŞ doğrudan da Cənubi Qafqazda sülh və regionda təmsil olunmaq istəyirsə, onda Azərbaycanla münasibətlər ən üst səviyyədə olmalıdır:
“Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda heç bir layihə reallaşdırıla bilməz. Ona görə də Ağ Ev Azərbaycanla münasibətləri korlamaq istəmir. Və qarşılıqlı səfərlərin davamlı olmasında marağını ifadə edir”.