Çin Səudiyyə Ərəbistanı ilə İranın barışığına nail olduqdan sonra Yaxın Şərqdəki boşluğa düşən ABŞ indi onu doldurmağa çalışır.
Çinin qaldırdığı qılıncların kəskinliyi ABŞ-nin qlobal və strateji maraqlarındakı müdafiə mexanizmlərini yarır.
Pekin hazırda nəinki iqtisadi gücdür, hətta o, irəli gedərək münaqişəli regionlar üzrə moderatorluq iddialarını da ortaya qoyur.
Pekinin bu tutumu münaqişələrdən faydalanan, onları idarə edən ABŞ üçün ciddi siqnaldır.
ABŞ Çinin konfliktlərin həllinə qarışmasının yeni qlobal reallıq yaratması qarşısında maneələr yaratmalıdır ki, Pekinin əl-qolunu yığışdıra bilsin.
Lakin ox yaydan çıxıb, Vaşinqtonun Çinin qarşısıalınmaz yüksəlişinin önündə sədd çəkmək potensialları zəifləyib, hərçənd ki, Pekinin ABŞ-nin ölçüsündə qlobal güc olması üçün məsafə qət etməsi lazımdır.
ABŞ, ən azından, Çinin gedəcəyi məsafələri uzatmaqdan ötrü Yaxın Şərq üzrə siyasətində aktivlik göstərməyi özünə borc bilir.
Bu səbəbdəndir ki, ABŞ Prezidenti Co Bayden milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivandan ibarət nümayəndə heyətini Səudiyyə Ərəbistanına yollayıb.
Səfərin əsas məqsədlərindən biri Rusiya-Ukrayna müharibəsi fonunda Səudiyyə Ərəbistanının ABŞ-nin sözünə baxmaması məsələsinə yönəlir.
Çünki ABŞ-nin Yaxın Şərqdəki mövqeləri:
– Səudiyyə Ərəbistanının Ukraynadakı müharibə səbəbilə Rusiya əleyhinə kampaniyalara qoşulmaması,
– Ər-Riyadın Moskvanın ziyanına ola biləcək neft hasilatını çoxaltmaq qərarından imtina etməsindən sonra zəifləməyə başladı.
Bundan ən çox yararlanan Çin oldu, o, ABŞ-nin buraxdığı strateji boşluqlara dolaraq yuxarıya doğru qalxdı.
ABŞ indi Çinin profillərini oğurlamaq üçün münaqişəli və ya regional mübahisəli məsələlərin həlli üzrə yanaşmasını gücləndirməlidir.
Bayden administrasiyasının nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri həmin prizmadan Ər-Riyadın İsraillə normallaşma prosesinə töhfə vermək cəhdi kimi başa düşülə bilər.
Ər-Riyad İsraillə münasibətləri normallaşdırmaq üçün verdiyi tarixi qərarın müqabilində Vaşinqtondan qarşılıqlı müdafiə sazişi, təkmil silah sistemlərinə əlavə olaraq mülki nüvə proqramının inkişafına yardım göstərməyi tələb edir. Bu məsələ Çinin maraqları ilə uyuşmur, hərçənd, Ər-Riyadla Pekin arasında qırılma nöqtəsinə gəlib çıxan da deyil.
Səudiyyə Ərəbistanının Vaşinqton qarşısındakı tələbləri onun regional rəqibi İrana, Tehranın Yəməndəki proksi qüvvəsi husilərə qarşı müdafiəni gücləndirmək məqsədlərinə xidmət edir.
Çünki İranla normallaşma prosesi başlasa da, Tehranla Ər-Riyad arasındakı regional mənzərəyə baxışda baza məsələlər üzrə anlaşma əldə edilməyib.
Bu, səudiyyəliləri İsraillə anlaşma orbitinə doğru itələyir, lakin İranın da ərəb dünyası üzrə açılımları diqqət mərkəzindədir.
Bununla belə, ABŞ üçün ortaya bir problem çıxır – İsrailin Vaşinqtonun vasitəçiliyi ilə üçtərəfli razılaşmaya hazır olub-olmaması qeyri-müəyyən olaraq qalmaqdadır.
Buna görə də ABŞ Çinin təsirlərini azaltmaq barədə düşünərkən Pekin Səudiyyə-Ərəbistanı-İsrail normallaşmasını Vaşinqtonun iqtisadi və strateji təsirini üstələmək üçün əlinə ala bilər.
Aqşin Kərimov