ABŞ-nin paytaxtı Vaşinqtonda fəaliyyət göstərən Amerika-Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində yerləşən Azərbaycan məktəbinin fəaliyyəti bərpa olunub.
“Report”un ABŞ bürosu xəbər verir ki, məktəbin yenidən bərpası ilə bağlı keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Xəzər İbrahim, diplomatlar, Vaşinqtonda yaşayan azərbaycanlı ailələrin övladları və icmanın aktivləri iştirak ediblər.
Xəzər İbrahim çıxışında bildirib ki, hər bir millətin varlığını müəyyənləşdirən amillərdən biri onun dilidir və hər millət özünün dilinin mühafizəkarı olmalıdır:
“Dilimizin qorunması Azərbaycan hökümətinin ən böyük prioritetlərindəndir. Bununla bağlı dövlət başçısının imzaladığı sərəncamlar xaricdə yaşayan soydaşlarımızın da qarşılarına müəyyən öhdəlik qoyur. Sevinirik ki, bu məktəbin yenidən bərpası ABŞ-də yaşayan azərbaycanlı ailələrin uşaqlarına öz ana dilinin öyrədilməsində bütün dəstəyi verəcək”.
Tədbirdə çıxış edən Amerika Universitetinin elmi işçisi, doktorant Şəlalə Vəliyeva iştirakçıları məktəbin yenidən işlənib hazırlanmış təlim-tədris proqramı barədə məlumatlandırıb.
Mərasimdə həmçinin kamança ustası Toğrul Orucovun ifasında milli musiqilərimiz ifa olunub. Azərbaycanlı ailələr vətəndən uzaqda olmalarına baxmayaraq, hər zaman dövlətimizin qayğısını hiss etdiklərini və ana dilimizin öyrənilməsi üçün övladlarına belə şansın verilməsindən böyük sevinc hissi keçirdiklərini deyiblər.
Qeyd edək ki, Azərbaycan Məktəbində ana dilimizin tədrisi ilə yanaşı, milli musiqi və rəqslərimiz, rəsm dərsləri, intellektual oyunlar, o cümlədən peşəkar şahmatçılar tərəfindən uşaqlar üçün xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulub.