ABŞ ilə İsrail “Juniper Oak” adlanan birgə hərbi təlimə start veriblər və bu, iki ölkənin bu zamana qədərki ən böyük müştərək güc nümayişidir.
Diqqəti fokuslaya biləcəyimiz nöqtə budur ki, bu, ötən ilin avqustundan bəri sayca üçüncü təlimdir.
Digər iki təlim kimi, budəfəki hərbi məşqlər də Aralıq dənizində gerçəkləşdirilir.
ABŞ-İsrail təlimləri mümkün genişmiqyaslı hərbi toqquşmalara müdaxilə edilməsi imkanlarının yoxlanılması məqsədləri daşıya bilər.
Bu təlimlərin mesajı İsrail-ABŞ tərəfdaşlığının son onilliklərdə nə qədər irəli getdiyini göstərir.
ABŞ-İsrail cütlüyü hərbi təyinatlı addımlarla strateji maraqlarını qoruyub-saxlamağı, onları irəli doğru aparmağı hədəfləyir.
Təlimlərin eyni coğrafiya üzrə intensivləşməsi Aralıq dənizinin şərq cinahındakı təhlükəsizlik aurasının kövrəkliyini üzə çıxarır.
ABŞ ilə İsrail İrana münasibətdə üstünlük təşkil edən oxşar yanaşmaları göstərdiklərindən deyə bilərik ki, birgə təlimlər Tehrana açıq siqnaldır.
Lakin Aralıq dənizindəki ümumi təlimlərin ümumi konteksti İran təhlükəsi məsələsindən də kənara çıxır.
ABŞ bu təlimə Mərkəzi Komandanlıq səviyyəsində qatılır ki, bu da diqqəti daha geniş areala yönəldir.
Mərkəzi Komandanlıq regionda əsas əməliyyatlar və hərbi əlaqələrlə məşğul olur.
Bu baxımdan bildirmək lazımdır ki, bu təlimlər həm də Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş, Səudiyyə Ərəbistanı, Misir və İordaniya kimi digər region ölkələri ilə birgə məşqi simvolizə edir.
Aralıq dənizi regionundakı ixtilaflar sırasında Türkiyə və Yunanıstan gərginliyinin artması da narahatlıqlar yaradır. Ankara ilə Afinanın ümumi təhlükəsizlik qayğılarına yanaşmalarındakı fərqlər bölgəni genişmiqyaslı hərbi eskalasiya riski ilə üzləşdirir.
İran mövzusuna qayıdaq, bu, bir neçə müxtəlif kontekstin içərisində qərar tutur. Tehran son zamanlar Aralıq dənizi ölkəsi olan Suriyada ABŞ qüvvələrinə qarşı aviasiya vasitələri ilə hücumlarını genişləndirir. Digər yandan, İran Livandakı “Hizbullah” və regiondakı onun kimi proksi qüvvələri ilə Yaxın Şərqdəki mövqelərini möhkəmlədir.
İranın nüvə silahı əldə etmək üçün etdiyi sıçrayış dünyanı həyəcanlı vəziyyətdə saxlayır. Təkcə ona görə yox ki, nüvə dövlətlərinin sayı arta bilər, burada əsas motiv Tehranın əldə edə biləcəyi nüvə silahlarının gücünü hərb meydanında göstərmək riskləri ilə əlaqəlidir.
Hərbi məşqlərə ABŞ ilə İsrail arasında İrana zərbələr endirmək mövzusundakı fikir ayrılıqları zəminində də nəzər yetirilə bilər.
ABŞ zamanla İsraili İranı bombalamaqdan çəkindirib, lakin Təl-Əvivin əsəbləri soyumayıb və o, Tehrana yenə də zərbələr endirmək üçün Vaşinqtona təzyiq edir.
Bu təlim İranın nüvə silahı əldə etməsinə maneə yaratmağı təmin etmək və İsraili birtərəfli hərəkətlərdən çəkindirmək üçün keçirilir.
Eyni zamanda, ABŞ öz ordusunun qüvvələrini Yaxın Şərqdə sürətlə artırmaq və böyük təhdidlərə birlikdə cavab vermək üçün İsrail ordusu ilə əlaqə yaratmaq qabiliyyətini yoxlayır.
Yazıdan çıxaracağımız nəticədə vurğu İran üzərində dayanır.
ABŞ ilə İsrailin misli görünməmiş güc nümayişi, İranın nüvə proqramının məhdudlaşdırılması üçün davam edən diplomatik səylərin dibə çatdığına işarədir…
Aqşin Kərimov