“Xatırlayırıqsa, İkinci Dünya müharibəsinin də SSRİ-nin xeyrinə yekunlaşmasını lend-liz proqramı təmin etmişdi. İndi də eyni proqram Rusiyanın özünə qarşı tətbiq olunacaq. Bununla bağlı ABŞ Prezidenti Co Bayden mayın 9-da fərman imzalayıb”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
Belə ki, ekspert lend-liz proqramı çərçivəsində Ukraynaya göndəriləcək silahların savaşın gedişinə necə təsir edə biləcəyinə də aydınlıq gətirib:
“Hesab edirəm ki, həmin silahlar Ukraynaya çatdırıldıqdan təqribən iki həftə sonra artıq Ukraynanın genişmiqyaslı əks-hücumlar təşkil etmək imkanı olacaq. Bu əks-hücumların ilkin nəticələrinə görə biz müharibənin gələcək gedişatı ilə bağlı ehtimallar irəli sürə biləcəyik. İstənilən halda uzaqmənzilli hava hücumundan müdafiə sistemlərinin və aviasiya vasitələrinin Ukraynaya verilməsi Rusiya üçün yaxşı heç nə vəd etmir”.
Qeyd edək ki, “Ukraynada demokratiya üçün lend-liz 2022” proqramı ABŞ Konqresi tərəfindən aprelin 29-da qəbul edilib.
Mayın 9-da ABŞ Prezideni Co Bayden tərəfindən lend-lizin təsdiqi ilə bağlı sərəncamın verilməsi ilə artıq Ağ Ev sahibi Konqresdən icazə almadan və heç bir bürokratik əngəl olmadan Ukraynaya hərbi və humanitar yardım etmək səlahiyyətini əldə edəcək.
Bundan əlavə, ABŞ-ın proqram çərçivəsində ilk partiya olaraq Ukraynaya 20 milyard dollarlıq hərbi sursat göndərəcəyi elan edilib.