Pakistanın siyasi üfüqləri bir neçə ildən bir təlatümlərə, çaxnaşmalara və iqtidar dəyişikliklərinə şahidlik edir, Pakistan üçün bu hallar səciyyəvidir.
Bunun qlobal teatrda rolların dəyişməsi kontekstindəki qısa izahı belədir:
Qərbin dünyanın beynəlxalq münasibətlər sistemində yeni nizam yaratmaq planlarının qarşısına Asiyada Pakistan-Çin-Rusiya üçlüyü çıxır.
Bu üçlük isə “Taliban” amili ilə ABŞ-ın siyasi bətninə problemli toxumlar səpməyi qarşıya məqsəd qoyur.
Hazırda baş verənlər, simvolik desək, həmin tarixi təcrübənin ağrılı irsidir, qlobal güclərin çəkişməsi fonunda isə həmin irs yeni məzmun qazanmaqdadır.
Pakistanda İmran Xanın baş nazir postundan istefa verməsi, siyasi hərəkətlilik və Şahbaz Şərifin hökumət başçısı postuna gəlməsi ABŞ-ın Pakistana artan təzyiqlərinin doğurduğu nəticələrdir.
Lakin bəzilərinin iddia etdiyi kimi, ABŞ-ın Pakistanı cəzalandırma mexanizminin arxasında İmran Xanın Moskvaya sonuncu səfəri dayanmır, məsələnin kökü daha dərinə gedib çıxır.
ABŞ-la Pakistanın əlaqələri heç də həmişə xoşməramlı niyyətlər üzərində qurulmayıb, çətinliklə inşa olunan sütunların yerindən laxlaması prosesi ABŞ Əfqanıstandan qoşunlarını çıxardıqdan sonra sürətləndi.
Diqqətə çatdırmaq lazımdır ki, ABŞ-ın Pakistanla bağlı siyasəti onun Əfqanıstandakı məqsədləri üzərində formalaşırdı, çünki Pakistan Vaşinqtonun antiterror əməliyyatlarında ona dəstək göstərirdi.
Lakin Pakistan ABŞ-ın öz sərhədləri ətrafında sürətlə böyütdüyü özəklərin özünə qarşı cəbhə almamasına çalışırdı, ancaq görünür ki, Ağ Ev həmin eşelonu yarıb və Rusiyanın Pakistanda artan maraqlarına cavab olaraq Pakistan üzərində təzyiq yarada bilir.
Okeanın o tayından Pakistana tutulan proyeksiyanın tündlüyü həm də onunla əlaqəlidir ki, ABŞ Əfqanıstanda “Taliban”a uduzmasının səbəbini rəsmi İslamabadın hansısa hərəkətlərində axtarır.
Bu kontekstdə Rusiyanın maraqlarını Pakistana yönəltməsi Əfqanıstandakı “Taliban”ı tamamilə öz tərəfinə çəkmək məqsədləri daşıyır, ABŞ isə bu xətti siyasi cəhətdən həzm edə bilmir.
ABŞ buna görə də özünün qlobal həmlə strategiyasının əsasını təşkil edən demokratik xəttin Pakistanda güclənməsini istəyir, hesablayır ki, hazırkı proseslər Pakistanın demokratikləşməsi yolunda addımdır (Burada demokratiya məhz qlobal müdaxilə üçün əsas mənasındadır). Hərçənd ki, Pakistan kimi ölkələrin liberalizmə əsaslanan pillədə addımlamasına zəmanət vermək olmaz.
Üstəgəl, Pakistana birbaşa müdaxilə ABŞ üçün əlavə başağrıları gətirər, indiki həmlə Pakistanı təhdidlə ram etməyə hesablanıb, amma bu mövqe özü də möhkəm qərar tutmaqdan uzaqdır.
Pakistanın pərdəarxasında “Taliban”la əlaqələr qurmaq və sövdələşmələr əldə etmək ehtimalları ABŞ üçün risklər daşıyır, ona görə də Vaşinqton düşünür ki, Pakistanla Rusiya regionda “Taliban”la birləşərək onu sıxışdırıb çıxarmağı hədəfləyirlər.
Ağ Ev üçün risklərin mənbəyi sırasında Pakistanın Çinlə əlaqələridir.
Pakistanın mürəkkəb regionda yerləşməsi onu Çin silahlarına daha geniş çıxış əldə etmək imkanlarını artırır, ABŞ-ın narahatlığına bir səbəb də budur.
Ancaq Çin amili – ordu-siyasət tandemi əsasında idarə edilən hibrid rejimli Pakistan hakimiyyətində vahid qərarın baxışı deyil. Pakistan ordusu ABŞ-la əlaqələrin inkişafına üstünlük verir və bu məsələdə “Çin, yoxsa ABŞ” dilemması əsasında siyasi rəhbərliklə ciddi fikir ayrılıqları yaşanır.
Birləşmiş Ştatlar son iyirmi ildə qlobal təhlükəsizlik məsələlərinə üstünlük verdiyi halda, Çin Asiyada sistematik olaraq biznes və diplomatik əlaqələrini genişləndirir. Bu genişlənmə siyasətində Pakistan Çin üçün açarlardan biridir.
Çin iqtisadi ekspansiya ilə beynəlxalq sistemdə mövqelərini möhkəmləndirir və bu mövqelərə Pakistandakı sərmayələr də işıq tutur:
1. Pakistan Çin üçün perspektivli bazarlar və yeni perspektivli resurslar platformasıdır;
2. Çin Pakistana indiyə qədər 60 milyard dollara yaxın sərmayə yatırıb. Bu rəqəmin şişərək həcminin böyüməsi baş verəcək;
3. Çin Pakistana güzəştli kreditlər verir, hətta Səudiyyə Ərəbistanının ləğv etdiyi üç milyard dollarlıq krediti əvəz edib.
Çinin Pakistana geniş həcmdə sərmayə qoyması iki ölkə arasında illərdir davam edən tərəfdaşlığa strateji məna yükləyir.
Lakin Pakistana baha başa gələcək proseslərin düyməsinə basılıb.
Yəni Pakistanın Səudiyyə Ərəbistanı ilə əvvəllər mövcud olan münasibətlərinin paradiqması mənfi məcraya yön alır (bu, fərqli mövzudur). Digər risk ABŞ-ın İslamabadın düşməni olan Hindistanla Pakistana qarşı cəbhə yaratması planının aktuallaşmasıdır.
Pakistanın onsuz da əlaqəsi olmadığı İsraillə perspektivdə münasibət qurmaması risklərinin çoxalması da təklənən Pakistan ətrafında təcridi gücləndirir.
Aqşin Kərimov