Dünyanın o yeri yoxdur ki, orada ABŞ-nin qanlı əlləri görünməsin. Münaqişələr, aclıqlar, yoxsulluqlar, silahlı üsyanlar və sair Vaşinqtonun əməllərinin nəticəsidir.
ABŞ bəşəriyyət üzrə insan hüquq və azadlıqlarını pozan, başqa xalqlara qarşı yuxarıdan aşağı baxan bir dövlətdir. Amma nə edək ki, o, gözdən pərdə asaraq bəzilərini bunun əksinə inandırır.
Elə hər il hazırlanan müxtəlif hesabatlar da bunun nümunəsidir.
Əlqərəz, ABŞ Dövlət Departamenti 2023-cü ildə insan hüquqlarının vəziyyətinə dair hesabatını açıqlayıb.
Hesabatda Azərbaycanda insan hüquqlarının vəziyyəti guya təsvir edilib. Özü də bu təsvir Azərbaycanın separatizmi məhv etməsi, Qarabağda suverenliyini tam bərpa etməsi fonunda verilib.
Aşkar şəkildə ABŞ-nin qısqanclıqları hesabatda göstərilib. Çünki Dövlət Departamenti məhz Azərbaycanın suverenliyini təmin etməsi ilə əlaqədar cümlələrdən sonra müxtəlif neqativ ifadələrə müraciət edib.
Hesabatda İran şəbəkəsi ilə əlaqədə şübhəli olanların həbsinə də münasibət bildirilib. Başqa zaman İranla düşmənçilik edən ABŞ nədənsə bu dəfə istintaq altında olan qruplara haqq qazandırmağa çalışır. Elə buradan da onun Azərbaycana qarşı qərəzi aşkar görünür.
İnsan hüquqları ilə əlaqədar mövzudan danışarkən ABŞ, heç olmasa, ağzını yummalıdır. Ancaq bu azmış kimi, Dövlət Departamenti hesabatında mövqeyini hədyanlarla davam etdirir.
Gah zorakılıqlardan, gah insanların dinc toplaşmaq azadlıqlarının məhdudlaşdırılmasından, gah da məhbus problemlərindən söhbət açır. Bu qədər mənasız və absurd çıxış elə Vaşinqtona məxsus ola bilər.
Utanmazlığın zirvəsini, gördüyünüz kimi, ABŞ rahatlıqla fəth edir. Deyəsən, ABŞ özündə olan haqsızlıqları yazır, amma başqasının adını çəkməklə. Kiçik araşdırma aparanda görmək olur ki, ABŞ-də hüquq adına nə varsa, hamısı tapdalanır.
Göründüyü kimi, ABŞ Dövlət Departamentinin 2023-cü il üzrə insan haqlarına dair hesabatı real vəziyyəti əks etdirməkdən çox, digər ölkələrə təzyiq aləti kimi istifadə olunur.
Deyəsən, ABŞ-nin özünün qınaq obyektinə rəsmi şəkildə çəkilməsinin vaxtı yetişir. Ona görə ki, belə qeyri-ciddi hesabatlar özü beynəlxalq hüquqa hörmətsizlikdir.
Başqa cəhətdən ABŞ özündəki vəziyyətə dair hesabatla çıxış etmir. Ancaq işi-gücü başqa ölkələrin daxili işlərinə qarışaraq təzyiq yaratmaqdır.
Yaxşı olar ki, BMT iradəsini ortaya qoyub ABŞ-dən hesabat tələb etsin.
Çünki ABŞ-də rasizm, islamofobiya, miqrantların hüquqlarının pozulması, həbsxanalarda dözülməz şərait və digər məsələlər tüğyan etməkdədir.
Aqil Vəlili