ABŞ “demokratiya”sı qəbul edilmiş ümumi anlayışın hüdudlarından çox kənarda sərhədlərə malikdir. İlk növbədə bütün dünyaya sırınmağa çalışılan müvafiq anlayışın kökü və təməl prinsipləri normal demokratiya anlayışına heç bir şəkildə uyğunlaşmır. Belə ki, ABŞ-nin özünəməxsus “demokratiya”sı sırf güc və maraqlar üzərində qurulmuş anlayışdır. Burada başlıca dəyərlər heç də insan haqları və azadlıqlar deyil, məhz ABŞ siyasətinin bəşəriyyətə diktə edilməsi, güc yolu ilə dünya siyasətini Vaşinqtona xidmət edən mexanizmə çevirməkdir.
Elə ABŞ-nin “demokratik ölkələr” seçimi və onlara dəstək sxemi də məhz dövlətlərin bu mexanizmin çarxlarından birinə çevrilmək istəyi üzərindən qurulur. Çarxın işlək detallarından biri olmağa razılaşanlar demokratiya adı altında ABŞ-nin hərbi gücünün nüfuz dairəsinə cəlb edilir, sonradan bu nüfuz real iştirakla əvəzlənir və yekun olaraq ABŞ hərbi gücünü öz sərhədlərindən olduqca kənarda istifadə etmək imkanı əldə edir. Təbii ki, əlaltı olmağa razılaşmayan ölkələrə qarşı…
Mövcud geosiyasi vəziyyətdə dünyanın siyasi arenasında ABŞ-nin özünə rəqib hesab etdiyi və siyasi xəttini münasib görmədiyi dövlətlərin ümumi cəhətlərini aydın sezmək mümkündür. İlk növbədə müstəqil siyasi kurs və ABŞ-nin nüfuz dairəsinə düşməmək üçün ən azından müqavimət göstərmək…
Birləşmiş Ştatların bütün dünyada 1000-dən çox aktiv və ya ehtiyac halında aktiv fəaliyyət göstərə biləcək hərbi bazalar şəbəkəsinə sahibdir. Bu bazalarda yerləşdirilmiş minlərlə hərbçi və texnika dünyada ABŞ-nin maraqlarını “qorumaq”la məşğuldur. Məsələn, təkcə Almaniyada yerləşən Ramştayn aviabazasında 9200 amerikalı hərbçinin saxlanıldığı bildirilir. Bu, rəsmi mənbələrə görə, ABŞ-nin hərbi kontingentin sayına görə ən böyük bazası hesab edilsə də, müvafiq statistikaların da dövlətlərin maraqları nöqteyi-nəzərindən tərtib edildiyini unutmamaq gərəkdir. Odur ki, ABŞ-nin sərhədlərindən kənarda “demokratiya”ya xidmət edən onminlərlə hərbçiyə sahib olduğunu diqqətdə saxlamaq lazımdır.
ABŞ-nin rəqib hesab etdiyi ölkələrin sırasında Rusiya, Çin, İran və Türkiyəni xüsusilə qeyd etmək lazımdır. Maraqlıdır ki, bu ölkələrdən üçü Azərbaycanın sərhəd qonşularıdır. Demək ki, bütövlükdə Qafqaz regionu Ağ Evin geosiyasi maraqlarında mühüm yer tutur.
ABŞ yuxarıda sadalanan ölkələr və həmçinin digər rəqib hesab etdiyi dövlətlərin ətrafında hərbi baza şəbəkəsini genişləndirir. Beləliklə də, təkcə ölkələr üçün deyil, ümumilikdə regionlar ətrafında ciddi təhlükə mənbəyinə çevrilir. ABŞ-nin hərbi mövcudluğunun genişlənməsi sözügedən ərazilərdə militarizasiya prosesini təbii olaraq gücləndirir. Çünki təhdid altındakı ölkələr də müdafiə qabiliyyətlərini artırmaq məcburiyyətindədirlər.
NATO-nun çətiri altında həyata keçirilən müvafiq proseslər birbaşa olaraq Ağ Evin maraqlarına xidmət edir və ənənəvi olaraq bəhanə qismində insan haqları və “demokratiya”nın müdafiəsi seçilir.
ABŞ-nin “demokratiya hamiliyi” xüsusən mövcud geosiyasi konyunkturda daha aqressiv şəkildə hiss olunur. Məsələn, dünya mətbuatında təkcə bu yaxınlarda yayılmış bir sıra xəbərlərə nəzər salaq:
– ABŞ Finlandiyada F-35 qırıcıları vasitəsilə Rusiyanın Antarktidadakı hava hücumundan müdafiə potensialını ortaya çıxarmaq üçün aviabazalar şəbəkəsi formalaşdırır.
– İspaniyanın Minorka adasındakı hərbi dəniz qüvvələrinə məxsus Maon bazası NATO-nun Aralıq dənizindəki gəmilərinə logistik dəstək üçün ABŞ-nin ölkə ərazisindəki üçüncü hərbi bazası olaraq seçilib.
– Rumıniya ərazisində 2040-cı ilə qədər NATO-nun minlərlə hektar ərazini əhatə edəcək ən böyük hərbi bazası inşa edilə bilər.
Sonuncu faktla bağlı qeyd edək ki, burada ABŞ-nin minlərlə hərbçisi ailələri ilə birlikdə yaşamaq imkanı əldə edəcəklər. Rumıniya hökuməti layihənin icrası üçün 2,5 milyard dollar xərcləyəcək. Göründüyü kimi ABŞ təkcə NATO çətiri altında dövlətlərin ərazilərinə ordu yerləşdirmir, həmçinin bu ölkələrin maliyyə imkanlarını da öz maraqlarının icrasına yönəldir.
Cənubi Qafqaz regionu ilə bağlı qeyd etdiyimiz faktlar bölgəmizin Vaşinqton üçün strateji əhəmiyyətə malik olmasını sübut edir. Üstəlik regionda yerləşən dövlətlərin hər biri ilə də ABŞ-nin münasibəti olduqca aydın konturlara sahibdir. Burada rəsmi İrəvanı fərqləndirmək yəqin ki, yerinə düşər. Xüsusən ABŞ-nin keçirmiş olduğu qondarma “demokratiya sammiti”nə də dəvət olunması faktı Ağ Evin Ermənistanda nüfuz edəcək çoxsaylı boşluqları tapmasına dəlalət edir. Çünki Ermənistan hansısa gücün peyki olmağa və əlaltı kimi istifadə olunmağa, necə deyərlər, dünəndən razıdır. Bunu İrəvanın Rusiyadan üz çevirib, Vaşinqtonun qucağına oturmaq cəhdləri də sübut edir.
Artıq aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında görüşün keçirilməsi faktı hər kəsə bəllidir. Bu görüşün arxasında yatan gizli məqamlar, əsas məram isə məhz Ermənistan dövlətinin xislətində və ABŞ siyasətinin sadiq qaldığı ənənələrdə gizlidir. Belə ki, Ağ Ev artıq İrəvana öz “demokratiya”sı vasitəsilə nüfuz edib. Artıq bu nüfuzu hərbi iştiraka çevirmək, sonradan isə bütövlükdə bu dövləti ABŞ-nin bazası kimi istifadə etmək planları geniş vüsət almağa başlayıb. Aprelin 5-nə planlaşdırılan görüş ilk növbədə Ermənistandakı Aİ missiyasını genişləndirmək məqsədi daşıyır. Təbii ki, bu genişlənmənin əsas icraçısı və iştirakçısı ABŞ olmalıdır.
ABŞ-nin regiondakı hərbi mövcudluğu isə birbaşa olaraq regionun təhlükəsizliyinə qarşı ciddi təhdid yaradır. Çünki bu mövcudluq militarizasiyanın artmasına, gərginliyik pik həddə çatmasına zəmin yaradır. Sözügedən durum isə nə qədər təzadlı səslənsə də, öz növbəsində yenidən ABŞ-nin hərbi mövcudluğunun artmasına təkan verir. Bütövlükdə sistem ABŞ-nin maraqlarına xidmət edir və planın icrası üçün Ağ Evin regiona bir dəfə ayaq açması kifayət edə bilər.
Gərginlik, militarizasiya kimi amillərin inkişafı eyni zamanda yeni münaqişə ocağının yaradılması deməkdir. Münaqişə ocaqlarının yaradılması və bundan öz maraqları naminə istifadə edilməsi isə bütün dünyada müəllifi bəlli olan siyasi gedişdir. Dünya ən yaxın keçmişdə – Suriya, İraq kimi nümunələrdə bu gedişlərin şahidi olub. ABŞ “demokratiya”sının gətirdiyi faciələri yaşayıb və hələ də yaşamaqdadır.
İrəvan isə bu prosesdə könüllü görünür. Çünki Ermənistanın xisləti də, mahiyyəti də destruktiv çalarlara sahibdir. Burada hansısa siyasi səriştə və iradədən söhbət belə gedə bilməz. İrəvan üçün sadəcə sükanı arxasında əyləşən bir ağanın olması yetərlidir. Hətta bundan öz xalqı hər kəsdən çox zərər görsə belə… Hər halda əsas məsələ Ermənistanın kiminsə qucağında əyləşməsi sayılır. Bu qucaq isə ilk növbədə Ermənistanın özü üçün yaxşı heç nə vəd etmir…
Orxan Tağıyev