Rusiya Qırmızı Xaç Cəmiyyətinin yük avtomobili Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan ermənilərə ərzaq çatdırdı.
Birinci vacib nöqtə:
Artıq Ağdam-Xankəndi marşrutu humanitar daşıma üçün işə düşdü, proses Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozmağa yönəlmiş açıq manipulyasiyaların fonunda baş tutur. Hərçənd ki, Ağdam-Xankəndi yolunun Laçın marşrutuna alternativ kimi razılıq Avropa İttifaqının moderatorluğu ilə keçirilən danışıqlarda əldə edilmişdi. Deməli, Rusiya Qərb mərkəzli danışıqların ideyasını mənimsəyərək onu özünün maraqlarının içərisinə yerləşdirdi.
İkinci əhəmiyyətli nöqtə:
Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə özünün yurisdiksiyasını təmin etməsindən ötrü yeni mərhələ yaşanır, hərçənd, Bakı ilə Moskva arasında bununla əlaqədar hələ böyük ölçülü razılıq əldə edilməyib.
Bir-birilə əlaqəli şəkildə cərəyan edən hadisələr regionda Rusiya ilə Qərbin hökmranlıq etmək uğrunda rəqabətini kəskinləşdirəcək mərhələ kimi anlaşıla bilər.
Çünki bütün bunlar Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsi üzərindən Cənubi Qafqazda Rusiya ilə ABŞ-nin rəhbərlik etdiyi Qərb arasında daha geniş strateji rəqabətin bir hissəsi kimi görünür.
Rusiya ilə ABŞ rəqabət sahəsinin sərhədlərini və bu çərçivələrin daxilində maraqlarını üstün imtiyazlı statusa mindirmək üçün bir-birinə qarşı əlləşib-vuruşurlar.
Bu, coğrafi olaraq məhdudlaşan rəqabət yox, böyük miqyasda qlobal mübarizənin mühüm tərkib hissəsidir. Bütün bunların arasında Azərbaycanın özünə əlverişli mövqe seçib Ağdam-Xankəndi yolunun açılmasına nail olması ciddi uğur sayıla bilər.
Azərbaycan strateji genişlənmə siyasətində çoxtərəfli əməkdaşlıq modelini təşviq edir ki, həmin forma və məzmun böyük maraqların uzlaşdırılmasını qiymətləndirməyə imkan verir.
Ancaq regionun yerləşdiyi coğrafiya böyük güclərin prioritetlərini heç də həmişə xoşxassəli şəkildə təcəssüm etdirmir, hələ nəzərə alanda ki bölgədə Azərbaycanın zəngin təbii sərvətləri mövcuddur, o zaman vəziyyətin mürəkkəbliyini təsvir etmək olur.
Ağdam-Xankəndi yolunun işlək olması ilə Azərbaycanın səyləri fonunda Qarabağda, Ermənistanla sərhəddəki aktivlik fazasının artması qeyd olunan amillərlə müəyyən mənada bağlılığa sahibdir.
Bu baxımdan, nəzər yetirmək lazımdır ki, Rusiya ilə Qərbin mübarizə ruhunda təkcə ərazi mübahisələrinə baxış bucağı dayanmır.
Buna görə də Rusiya ilə Qərb elitaları regionda özlərinə məxsus təklifləri brend formasına salıb, onu bölgə dövlətlərinə alternativ ideyalar kimi təqdim etməyə çalışırlar. Ancaq bu bir növ yemdir. Azərbaycan yemə gəlmir, əksinə, özünün strateji maraqlarını dərinləşdirərək regionda Türkiyə ilə strateji müttəfiqliyin müşayiəti ilə aktivlərini əhəmiyyətli dərəcədə artırır.
Rəsmi Bakının xarici siyasətdəki tempi Rusiya ilə ABŞ-nin təqdim etdiyi brendlərdəki saxta elementləri sındırır, yerdə qalanlar isə danışıqların predmetinə çevrilir.
Elə Ağdam-Xankəndi yolu ilə Rusiya TIR-ının ermənilər üçün keçidi Bakı-Moskva arasında razılaşdırılan məqamdır və Azərbaycanın sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə suverenliyini təmin etməkdən ötrü çərçivə təklif edir.
Bundan sonra Azərbaycan-Ermənistan gündəliyi üzrə istər Qərb, istərsə də Rusiya mərkəzli danışıqlarda bu çərçivəyə istinad ediləcək ki, məsələ rəsmi Bakının mövqelərinin daha da yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verəcək.
Hadisələrin Rusiya ilə Ermənistan arasında gərilən münasibətlərlə əlaqələri də ayrıca maraqlı mövzudur.
Bir sözlə:
– Cənubi Qafqazdakı Azərbaycanın profilinin yüksəlməsi ilə yaranan fırtınadan əvvəlki vəziyyət Ermənistana qarşı hazırlıqları kəskinləşdirəcək;
– Ermənistan düşdüyü quyudan çıxmaq üçün optimal variantlar axtaracaq, onun Rusiyanın saqqızını oğurlamaq üçün səylərinin şahidi ola bilərik, lakin bu, nəticəsiz qalacaq;
– İrəvanın geosiyasi yanğınların mərkəzi olmaq potensialı çoxaldıqca Azərbaycan bundan Ermənistanın işğalçılıq siyasətini birdəfəlik yox etmək üçün yararlanmağa çalışacaq…
Aqşin Kərimov