• Bz. Noy 24th, 2024

Aİ-nin Ermənistandakı missiyasının hədəfi Azərbaycandır, Bakı təzyiqləri artırmalıdır – RƏY + FOTO

ByYenigun.news

Mar 25, 2024

“Avropa İttifaqının Ermənistandakı missiyasının hədəfi Azərbaycandır. Rəsmi Bakı öz müttəfiqləri ilə birlikdə siyasi-diplomatik istiqamətdə Ermənistana təzyiqləri artırmalıdır”.

Bunu “Report”a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Onun fikrincə, Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişinin imzalanmasını, sərhədlərin delimitasiyasını, Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirsə, reallıqları qəbul etməli, siyasətini buna uyğun qurmalı və beynəlxalq hüquq normalarını yerinə yetirməlidir. M.Göyüşlü söyləyib ki, əgər belə olarsa, baş nazir Nikol Paşinyan hökuməti erməni xalqına daha çox xidmət etmiş olar:

“Eyni zamanda, bölgəyə sülh də daha tez gələr. Lakin təəssüf ki, biz bunun tam tərsini görürük”.

Politoloq qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərini tənzimləmək üçün Brüsselə tez-tez üz tutmaq problemdən çıxış yolu deyil:

“Əgər rəsmi İrəvan, həqiqətən də, problemləri çözmək istəyirsə, bunun üçün ilk növbədə Azərbaycanla anlaşmağa çalışmalıdır. Amma tam fərqli situasiya ilə üz-üzə qalırıq. Destruktiv çıxış və qərarları ilə tanınan bir sıra Avropa ölkələrini, təmsilçilərini hər vəchlə bölgəyə gətirməyə ciddi-cəhd edən Paşinyan hökuməti monitorinq qrupu adı altında Ermənistanda kəşfiyyatla məşğul olan missiyanın sayını artırmaqla Azərbaycanı hədəfə götürdüyünü gizlətmir. Ermənistan və onun Avropa İttifaqındakı havadarları monitorinq missiyasının sayını, “binokl diplomatiyası”nı gücləndirməklə Azərbaycanı qorxudacaqları, tələblərinə boyun əydirməyə nail olacaqlarına inanırlarsa, çox böyük səhv edirlər. Bundan əvvəl də Ermənistan şimal qonşumuzdan milyardlarla dollar dəyərində silah almışdı, lakin nəticə onlar üçün çox faciəvi oldu”.

M.Göyüşlü bildirib ki, Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malikdir:

“Yeri gələrsə, Ermənistanı destruktiv davranışlardan çəkindirmək məqsədilə hərbi gücdən də istifadə edilə bilər.

Hazırda Ermənistan bizim səkkiz kəndimizi işğal altında saxlayır, şərti sərhəddə təxribat törədir, Zəngəzur dəhlizini açmaqdan imtina edir, beynəlxalq tribunalarda anti-Azərbaycan fəaliyyətlərinə son vermir. Biz Qərbin ikiüzlü məqsədləri, Ermənistanın Azərbaycandan təcavüzkar obrazı düzəltməyə çalışması və s. məqamlarla əlaqədar Türkiyə ilə birgə təbliğat və ifşaedici fəaliyyətimizin miqyasını artırmalıyıq”.

Ermənistanın bölgəyə yad qüvvələri, ölkələri gətirməyə çalışdığını xüsusi qeyd edən ekspert düşünür ki, bunun qarşısını almaqda Cənubi Qafqazın iki ölkəsi – Azərbaycan və Gürcüstanın üzərinə daha çox iş düşür:

“Biz qonşularımızla – Türkiyə, Rusiya, İranla birgə təsirli çalışmalar etməli, rəsmi İrəvana təzyiqi artırmalıyıq. Azərbaycan, onsuz da, “3+3” platforması təklifi ilə çıxış edib. Bu format çərçivəsində Ermənistana təzyiqlər edilə, iqtisadi blokadaya alına, müəyyən hərbi güc nümayişi ilə çəkindirilə bilər. Qafqaz burada yaşayan xalqların ümumi evidir, Qafqaz evini inşa etmək və burada sabitliyi qorumaq üçün Ermənistana qarşı bütün tədbirlər görülməlidir”.

Qeyd edək ki, bu günlərdə Ermənistan parlamenti Azərbaycanla sərhəddə yerləşdirilmiş Avropa İttifaqı missiyasının statusuna dair razılaşmanı ratifikasiya edib. Missiya 2023-cü ilin yanvarında yaradılıb, dekabrda isə missiya iştirakçılarının sayı 138-dən 209 nəfərə qədər artırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir