Avropa İttifaqının xarici işlər nazirləri Ermənistandakı mülki missiyanın fəaliyyətini müzakirə edəcək.
APA xəbər verir ki, 14-15 noyabr tarixlərində xarici işlər nazirlərinin iştirakı ilə Brüsseldə Aİ-nin Xarici İşlər Şurasının iclası keçiriləcək.
İclasa Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell sədrlik edəcək.
İclasın ilk günündə Aİ ölkələrinin XİN başçıları Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı müzakirələr aparacaq. Müzakirələrdən əvvəl isə Ukrayna xarici işlər naziri Dmitri Kuleba videoformatda çıxış edəcək.
Aİ-yə üzv ölkələrin XİN başçıları Qərbi Balkanlardakı vəziyyəti müzakirə edəcəklər, həmçinin Aİ-nin Ali Nümayəndəsi Şarm əl-Şeyxdə keçirilən COP27 iclasının ilk həftəsinin yekunları barədə nazirləri məlumatlandıracaq.
Nazirlər həmçinin Livandakı vəziyyəti, Aİ-nin Ermənistandakı monitorinq missiyasını və İrandakı vəziyyəti müzakirə edəcəklər.