• C. Noy 29th, 2024

“Alen Simonyanın fikirləri ABŞ-a yaltaqlıqdan başqa bir şey deyil” – RƏY + FOTO

ByYenigun.news

Sen 19, 2022

“Ermənistan parlamentinin sədri Alen Simonyanın 12-14 sentyabrda bilavasitə Ermənistanın təxribatı ilə baş verən döyüşlərin dayandırılmasında ABŞ-ın vasitəçi olması fikirləri tamamilə yalan və ABŞ-a yaltaqlıqdan başqa bir şey deyil”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

Onun sözlərinə görə, bu gün bölgədə və regionda cərəyan edən hadisələr bir daha göstərir ki, dünyada ikili standartlar və çoxtərəfli subyektiv düşüncələr 30 il bundan öncə necə idisə, indi də elədir:

“Azərbaycanın torpaqları işğal olunanda, ərazi bütövlüyümüz təcavüz altında qalanda, erməni faşistləri tərəfindən Azərbaycan vətəndaşları qanına qəltan ediləndə səsini çıxarmayan Qərb, BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələr, o cümlədən ABŞ kimi dövlətlər hətta 907-ci əlavəni də qəbul edərək Azərbaycana qarşı sanksiyalar həyata keçirməklə işğalçının yanında yer aldıqlarını elə o zamandan bəyan ediblər.

Bu gün dünya beynəlxalq hüquqdan çox, gücün üzərində qurulub. Acı olsa da, bu bir gerçəkdir. Azərbaycan dövlətinin humanizm siyasəti aparmasına, bölgədə sülhün təmin olunması üçün addımlar atmasına baxmayaraq, şovinist qüvvələrin, revanşist güclərin atdığı addımlar, həmçinin ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin uydurma soyqırımı abidəsi qarşısında timsah göz yaşları axıtması regiona sabitlik gətirmək əvəzinə, onun yenidən qaynar qazana çevrilməsindən başqa bir məqsəd güdməməkdədir”.

Deputat bildirib ki, bütün bu addımların əsas məqsədi aydındır:

“Birinci Dünya müharibəsi ərəfəsində və ondan öncə, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasında “millət-i sadıka” adlandırılan, lakin sonradan Osmanlıya elə birinci zərbəni vuran ermənilər bu gün də onlara dəstək olan, onları müdafiə edən Rusiyanı ilk fürsətdə satan bir qüvvə kimi öz xislətlərini göstərməkdədirlər. Ermənistan müstəqil dövlət deyil. Bu dövlət ona dəstək verib, sahib çıxmış dövləti daha geniş dəstək ala biləcəyi qüvvəyə satmağa hazır olan bir güruha sahibdir”.

R.Həsən vurğulayıb ki, bu xəyanət özünü Alen Simonyanın yalan açıqlamasında da büruzə verib:

“Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçirilən sammiti çərçivəsində Azərbaycanla Rusiya prezidentlərinin görüşündə də Azərbaycan Prezidenti İlham Əliyev atəşin kəsilməsi ilə bağlı razılığın əldə edilməsində Rusiyanın mövqeyini vurğulayıb. Bu açıqlamalar qarşımızdakı düşmənin xəyanətkar siyasətini bir daha sübut edir. Bütün bunları nəzərə alaraq dövlətimizin, Ali Baş Komandanın ətrafında sıx birləşməli, onun həyata keçirdiyi uğurlu siyasəti sonuna qədər dəstəkləməliyik. Verilən dəstəklə “Dəmir yumruğ”u həm siyasət, həm də hərbi istiqamətdə daim güclü etməyə çağırıram. Bütün bunlardan daha bir nəticə də çıxır ki, Azərbaycan dövləti güclü olduqdan sonra bütün beynəlxalq hüquqla təsdiq edilən maddələri öz gücünə təmin etmək qüdrətindədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir