Prezident İlham Əliyevin Almaniyaya səfəri Rusiya-Ukrayna müharibəsinin Cənubi Qafqaza, Avropaya təsirlərinin ölçülməsi və nəticələrinin aydınlaşdırılması baxımından əhəmiyyət kəsb edirdi.
Əliyevin Ştaynmayer və Şoltsla danışıqlarındakı regional təhlükəsizliklə bağlı istiqamətlər dilemmaların həlli, çağırışların icrasını tələsdirmək naminə stimullaşdırıcı dəyərə malikdir.
Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə və Kansler Olaf Şoltsla görüşü, verilən bəyanatlar müzakirələrin leytmotivinin strateji dialoq xarakteri daşıdığını göstərir.
İndiki qarışıq mənzərədə Azərbaycanla Almaniyanın tərəfdaşlığı qarşılıqlı ehtiyacların nəzərə alınması ilə daha da yüksəyə qalxa bilər.
Bunun üçün:
– Almaniya Avropa İttifaqının aparıcı üzvü kimi Azərbaycanla Ermənistan liderlərinin Brüssel formatındakı görüşünün nəticələrinə diqqət etməli və onu İrəvanın balansına yönəltməməlidir;
– Azərbaycan bunun müqabilində Almaniya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iştirakı üçün lazım olan mexanizmləri gücləndirməlidir.
Almaniya Azərbaycanın Avropanın enerji bazarlarında artan əhəmiyyətini nəzərə alaraq Ermənistana qahmar çıxan bəyanatlardan çəkinməlidir.
Çünki beynəlxalq münaqişələrin yeni alovlanmalara hamilə olduğu bir zamanda Almaniya da öz tərəfini seçməyə məcbur qalıb. Bu baxımdan Almaniya, ən azından, həqiqi bitərəflik əsasında Azərbaycanın sülh gündəliyinə töhfə verə bilər.
Berlin belə davransa, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətini yenidən nəzərdən keçirən Almaniya üçün yaşıl işıqlar yandıra biləcək potensialını nümayiş etdirər.
Almaniyanın Cənubi Qafqaz üzrə koordinatları məhdud olub, lakin Rusiya-Ukrayna müharibəsinin gedişatında o, Avropa İttifaqının üzvü kimi yerini tutmalıdır.
Bu zamana qədər Almaniya regional siyasətdə Rusiyanın maraqlarını nəzərə alırdı, onunla konfrontasiyaya getmədən irəliləyirdi. İndi isə həm NATO üzvü kimi, həm də Avropa İttifaqının nümayəndəsi kimi “Moskva xətti”ni Qərbin xeyrinə dəyişmək öhdəliklərini icra edir.
Bu mənada, Almaniya indi Cənubi Qafqaz siyasətini dar çərçivədən çıxarıb genişləndirərkən Rusiyanın müqaviməti ilə üzləşə bilər.
Avropanın enerji ehtiyaclarının ödənilməsində Azərbaycanın pay sahibliyinin çoxalması Bakının danışıqlarda tələb və təkliflərini ön planda saxlamağa imkanlar yaradır.
Avropa bunları nəzərə alır, ancaq bütün bunlar belə bir anlama gəlmir ki, Azərbaycan bütün istiqamətlər üzrə Avropa İttifaqının tezisləri ilə razıdır.
Çünki Əliyev gözəl başa düşür ki, Qərbin Cənubi Qafqaz siyasəti iqtisadi-siyasi maraqlardan kənara çıxan fərqli niyyətləri də arxasınca gətirir.
Məsələn, Avropa İttifaqının Ermənistana monitorinq missiyasını göndərməsi Azərbaycanla münasibətlərdə daha yaxşı nəticələr əldə edilməsini axsadır, regional təhlükəsizliyin üzərinə kölgə salır.
Almaniya nəticələri irəliyə çəkmək istəyirsə, Ermənistan-Azərbaycan sərhədi boyunca xidmət göstərən missiyanı, ən azından, sülh danışıqlarının maraqları naminə fəaliyyətə kökləməyi bacarmalıdır.
Təəssüflə qeyd etmək olar ki, məsələ nəzəri meyarlarla bazaya malik olsa da, bunları praktiki cəhətdən geosiyasi dönüş nöqtəsi kimi xarakterizə etmək çətindir.
Çünki Rusiya-Ukrayna müharibəsi uzunmüddətli perspektiv üçün qeyri-sabit vəziyyəti və gərginləşmə risklərini artırır.
Aqşin Kərimov