• Şb. Noy 23rd, 2024

Almaniyalı alimdən ölkəsinin ictimai televiziyasına etiraz: “Qarabağ heç vaxt erməni idarəçiliyində olmayıb”

ByYenigun.news

Mar 1, 2023

Almaniyalı jurnalist Nina Niberqallın fevral ayının 5-də, ölkənin ictimai televiziyası olan ZDF kanalının rəsmi internet səhifəsində Qarabağ məsələsinə həsr olunan qərəzli və təhriflərlə dolu məqaləsi dərc edilib.

“Report” xəbər verir ki, almaniyalı alim, fəlsəfə elmləri doktoru, “Şuşanın irsi” və “Qarabağ 13-cü əsərdən 1920-ci ilədək. Azərbaycan tarixinin açılımı” kitablarının müəllifi Mixael Reynhard Hess həmin məqaləyə oxucu kimi etiraz məktubu yazıb və onu öz “Facebook” hesabında paylaşaraq ZDF-ə ünvanlayıb.

Almaniyalı alım bildirib ki, müxbir məqaləsində Qarabağ məsələsinə toxunub: “Demək olar ki, bütün alman mediası kimi, bu ictimai yayımçı da, ardıcıl olaraq, münaqişənin mahiyyəti və genezisi ilə bağlı erməni nöqteyi-nəzərindən çıxış edir.

Müəllifin qərəzliliyi “Əsasən ermənilərin məskunlaşdığı ərazi vaxtilə, 19-cu əsrin əvvəllərində Rusiya Çar imperiyasının tabeliyinə keçməmişdən əvvəl, erməni məliklərinin hakimiyyəti altında olub” cümləsindən də aydın görünür”.

Mixael Reynhard Hess yazır ki, buna dair sübutları, çox güman ki, yalnız ermənilər tərəfindən yazılmış tarix dərsliklərində tapmaq olar. Qarabağ bəyliklərinin Beşlər Konfederasiyası – Xəmsə (ərəb-fars-Azərbaycan mənşəli söz) kimi də tanınan məlikliklər regional birlik, xüsusən, Səfəvilər sülaləsinin süqutu (1736) ilə Nadir şahın ölümü (1747) arasındakı siyasi cəhətdən olduqca gərgin dövrdə, təxminən, 1750-ci ildə Qarabağ xanı xırda bəylikləri özünə tabe etməzdən əvvəl müəyyən lokal və müvəqqəti gücə malik olub.

Alman alim məktubunda vurğulayıb ki, təxminən 1747-ci ildə əsası qoyulmuş, əraziləri sonradan “Dağlıq Qarabağ Muxtar Vilayəti”nə (DQMV) çevrilən Qarabağ xanlığı Rusiya tərəfindən de-fakto (1806) və de-yure (1822) ləğv edənə qədər müstəqil dövlət kimi mövcud idi, hökmdarları isə müsəlman idi və azərbaycanca danışırdılar.

ZDF-in müxbiri Səfəvilər (həm də müsəlman türkdilli sülalənin) hakimiyyətinin uzunmüddətli dövrünü (1501-1736), eləcə də bu ərazinin əsrlərdən bəri indiki azərbaycanlıların dil əcdadları tərəfindən formalaşdırıldığını inkar edir. Beləliklə, Niberqall, erməni tarixşünaslığında geniş yayılmış, “erməni” idarəçiliyinin uzaq, lokal məhdud, müvəqqəti və çox vaxt əhəmiyyətsiz mərhələlərinin uzunmüddətli və dərin kökləri olan Azərbaycan-müsəlman hakimiyyəti mərhələlərindən qeyri-mütənasib şəkildə yüksək qiymətləndirildiyi anaxronizm strategiyasını davam etdirir.

Mixael Reynhard Hess diqqətə çatdırıb ki, ZDF-in reportajında çox qəribə və yanlış bir fikir də var: “Sovet İttifaqının yaranması ilə ərazi bölündü. 1923-cü ildə bir hissəsi Azərbaycan Sovet Respublikasına keçdi, onun özəyi muxtar vilayət oldu”. Kontekstdən belə çıxır ki, “ərazi” “Dağlıq Qarabağ”a məxsus olmalıdır. Əgər sitat gətirilən cümlə düzgündürsə, o zaman “Dağlıq Qarabağ” Sovet İttifaqı yarandıqdan sonra (1922) bölünməli, bölünmüş ərazinin bir hissəsi isə “muxtar vilayət”ə çevrilməli idi. Əslində isə Dağlıq Qarabağ Muxtar Vilayəti (yaxud Muxtar Vilayət) 1921-1923-cü illər arasında bölünməyib, ilk dəfə yaradılıb. Və nə bu muxtar vilayətin bir hissəsi, nə də onu əhatə edən ərazilərin heç biri Azərbaycan Sovet Respublikasına “keçməyib”, onların hamısı həmişə Azərbaycan Sovet Respublikasının və ya onun sələfi – Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) tərkibində olub. Niberqallın tezisləri özü-özünü təkzib edir.

“Ciddi səhvlər və tutarsız tezislər arasında bu faktı da qeyd etmək olar ki, Ruben Vardanyanın Dağlıq Qarabağın “dövlət naziri” adlandırılması yalnız bir xəyali arzu ola bilər, çünki Niberqall, ən azı, başqa bir yerdə, düzgün olaraq, “Dağlıq Qarabağ” “dövləti”nin nə əvvəllər, nə də indi mövcud olmadığını, onu hətta Ermənistanın özünün belə tanımadığını göstərir. Axı olmayan dövlətin “dövlət naziri” necə ola bilər?

ZDF-nin R.Vardanyanı saxta dövlət naziri epiteti ilə “hədiyyələndirməsi”, Rusiya Prezidenti Vladimir Putinin müharibəsindən sonra, yəqin ki, Qarabağdakı separatçılıq yuvasında özünə yeni iş tapmaq üçün Rusiyanı tərk edən bu rus-erməni biznesmenin keçmişi haqqında bir söz deməməsini də bura əlavə etsək, mənzərə tam aydınlaşar”, – Mixael Reynhard Hess vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir