• Şb. Noy 23rd, 2024

Almaniyalı politoloq: “Türkiyə şəffaf, praqmatik geosiyasətin hökm sürdüyü ölkəyə çevrilir”

ByYenigun.news

İyn 30, 2022

“Finlandiya və İsveçin NATO-ya daxil olmasına Türkiyənin razılıq verəcəyi əvvəldən bəlli idi”.

Bu sözləri almaniyalı tanınmış politoloq Aleksandr Rar Oxu.Az-a müsahibəsində deyib.

“Bu ideyanı həm amerikalılar, həm də fransalılar təşviq edirdilər. Söhbət Ankaranın “divara qısnanması” və veto hüququndan imtina etməsinin tələb olunmasından getmir, baxmayaraq ki, burada təzyiq elementi var idi. Nəzərə almaq lazımdır ki, Şimali Atlantika Alyansı Türkiyənin NATO-dan çıxa biləcəyindən ciddi şəkildə ehtiyat edirdi.

Nəticədə diplomatiya işə qarışdı və Qərb bir çox cəhətdən dəstək vəd edilən Türkiyəyə tərəf getdi. Unutmayaq ki, Yaxın Şərqdən və Əfqanıstandan Avropaya üz tutan qaçqın axınının qarşısını alan Türkiyə tərəfidir.

Avropa və Qərbin əsas problem hesab etdiyi Rusiya faktoru da var. Buna görə NATO-nun genişlənməsi ideyası çox populyardır. Amma İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması prosesi hələ tamamlanmayıb”, – deyə o bildirib.

Politoloq hesab edir ki, bu məsələdə almanlar da fransızlarla eyni cür düşünüblər və düşünürlər.

“Almanlar NATO daxilində həmrəyliyin tərəfdarıdırlar, ortaq dəyər yanaşması var – Avropada demokratiya və liberal dəyərləri müdafiə etmək lazımdır. Buna görə də Almaniya, Fransa, ABŞ, Böyük Britaniya ortaq mövqelərdə idilər.

Türkiyənin NATO-dan çıxmasını heç kim istəməyib və istəmir. Və bundan sonra Şimali Atlantika Alyansı Brüsseldə qəbul edilən qərarlara etiraz etməyə çalışacaq ölkələrin hökumətlərini zəiflətməyə çalışmayacaq”.

O, sorğulara əsasən, türklərin 65,3 faizinin NATO-ya etibar etməməsi fikrinə də aydınlıq gətirib.

“Hesab edirəm ki, Rəcəb Tayyib Ərdoğan ictimai rəyə çox aydın reaksiya verir, ölkə vətəndaşlarının nə istədiklərini anlayır. Türkiyə prezidentinin böyük planları var. Ankarada planetimizdə baş verənlərə Avropadakı kimi – yalnız liberal dəyərlər prizmasından deyil, daha geniş şəkildə baxılır.

Türkiyə şəffaf, praqmatik geosiyasətin hökm sürdüyü ölkəyə çevrilir. Və təbii ki, Türkiyə rəhbərliyi bundan sonra da faydalanacağı şeylərin axtarışında olacaq. Əgər nə vaxtsa Rəcəb Tayyib Ərdoğan qərar versə ki, NATO-da mövcudluq Türkiyənin planlarına ziddir, o zaman Şimali Atlantika Alyansı ilə yollarını ayıra bilər. Yaxın gələcəkdə bu mümkün deyil, lakin dünyada mövcud olan turbulentliyi nəzərə alsaq, bunu istisna etmək olmaz.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir