• C. Noy 29th, 2024

Amerikalı ekspert: “Bəzi dövlətlər Qarabağdakı proseslərə erməni lobbisinin təsiri altında reaksiya verirlər”

ByYenigun.news

Sen 21, 2023


“Bəzi dövlətlər Qarabağdakı proseslərə erməni lobbisinin təsiri altında reaksiya verirlər”.

Bu fikirləri “Report”a açıqlamasında amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitik, hüquqşünas İrina Zukerman beynəlxalq güclərin Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirinə münasibət bildirərkən səsləndirib.

“İkinci Qarabağ müharibəsi başa çatdıqdan ötən üç il ərzində beynəlxalq hüquq normalarına zidd olaraq, erməni lobbisinin təzyiqi nəticəsində həmin qüvvələr azad edilmiş ərazilərin Ermənistana məxsus olduğu kimi davrandılar. “Dağlıq Qarabağ” termininin arxaik və istifadəyə yararsız olmasına rəğmən, bəzi media quruluşları bu ifadədən istifadəni dayandırmadan dezinformasiyaya yer verdilər. Bəzi ölkələr faktiki olaraq Azərbaycanın suverenliyini öz geosiyasi gündəmlərinin bir hissəsi kimi görməkdən imtina etdilər. Onlar reallığı bildikləri halda, Ermənistanı özlərindən uzaqlaşdırmaq istəmədilər”, – deyə İ.Zukerman fikrini genişləndirib.

İ.Zukerman hesab edir ki, separatçıların dərhal təslim olmasında Azərbaycanın antiterror tədbirləri böyük rol oynadı:

“Azərbaycanın suveren ərazisində hər cür silahlarla təchiz olunmuş və son üç ildə bəyanatın şərtlərini açıq şəkildə pozan erməni hərbçilər var. Onlara qarşı Azərbaycanın lokal xarakterli antiterror tədbirləri çox səmərəli keçdi, nəticədə separatçılar bir gündən az müddətdə təslim oldular. Azərbaycan uzun müddət bu qüvvələrin mövcudluğuna dözdü, onlar da öz yalanlarını beynəlxalq ictimaiyyətin şüurunda yerləşdirdilər. Bu səbəbdən də, hazırda vəziyyəti izah edərkən müəyyən çətinliklər yaranır. Sual edirlər ki, əgər vəziyyət gərgin idisə, Azərbaycan niyə onların qalmasına dözürdü? Tədbirlər bu fonda bir az gecikdi”.

Həmsöhbətimiz ikili standartların təəccüb doğurmamalı olduğundan da söz açıb:

“Çünki burada böyük və kök salmış lobbilərin təsiri, xarici siyasətlərində daha əyilgən və rasional olan ölkələrə təzyiq etmək zehniyyəti kimi məsələlər var. Ermənilərin əvvəldən əlaqələr qurması, “investisiya” qoymaları və onilliklər ərzində təsir imkanları yaratmaları Azərbaycanın bu problemlərin öhdəsindən gələ bilməyəcəyi demək deyil. Bunların qarşısını almaq üçün ardıcıl şəkildə tədbirlər görülməlidir. Ancaq bu yolla davamlı uydurmalara qalib gəlmək olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir