“Ermənistanın silahlı təxribatları nəticəsində Azərbaycan hərbçilərinin yaralanması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.
Bunu “Report”a açıqlamasında amerikalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys deyib.
Onun fikrincə, dünyanın dövlət xadimləri, o cümlədən ABŞ dövlət katibi Antoni Blinken Ermənistan hökumətindən bütün hərbi əməliyyatları dərhal dayandırmağı və Azərbaycanla sülh sazişi imzalamağı tələb etməlidir.
P.Teys hesab edir ki, İrəvan Bakı ilə münasibətləri normallaşdırmaq öhdəliyini yerinə yetirənə qədər beynəlxalq ictimaiyyət Ermənistan hökumətinə diplomatik təzyiq göstərməlidir.
Xatırladaq ki, sentyabrın 1-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, minaatanlardan, artilleriya qurğularından və PUA-lardan atəşə tutub. Nəticədə üç hərbçimiz yaralanıb.
Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində təxribat törədən dörd erməni hərbçisi məhv edilib, biri yaralanıb.