“Uruqvayın keçmiş hakim partiyası “Geniş Cəbhə”nin Ermənistanı və Qarabağdakı separatçıları dəstəkləməsi Uruqvayın erməni icmasının təsirindən başqa bir şey deyil”.
Bunu “Report”a açıqlamasında amerikalı politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys deyib.
Onun sözlərinə görə, bu gülünc dəstəkləmə bəyanatı beynəlxalq humanitar hüququ açıq şəkildə pozan, Azərbaycana və onun xalqına nifrəti qızışdıran uruqvaylı siyasətçilərin korrupsiyaya uğramasının nümayişidir:
“Uruqvaylı siyasətçilərin ölkələrinə köçmüş ermənilər tərəfindən necə təzyiqlərə məruz qaldığını görmək təhqiramizdir. Ermənilər “Geniş Cəbhə” Partiyasının köməyi ilə “gizli mübarizə” taktikasına əl atırlar. Üstəlik, Montevideonun böyük erməni icması Azərbaycanla Uruqvay arasında ikitərəfli münasibətlərə ciddi ziyan vurur”.
Ekspert hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyev Argentina, Paraqvay, Çili, Braziliya, Kolumbiya və Uruqvayın özü kimi Latın Amerikası ölkələri ilə əlaqələrin inkişafında və uzunmüddətli ittifaqların qurulmasında təsirli liderlik nümayiş etdirib:
“Geniş Cəbhə” Partiyasının nümayəndələrinin bu cür addımlarına baxmayaraq, Uruqvayda hələ də senator Xorxe Qandini kimi Azərbaycanın sadiq tərəfdarları var”.