“Konstitusiya Məhkəməsi mövcud olduğu bütün dövrlərdə haqqa, ədalətə və bərabərliyə sarsılmaz sadiqlik nümayiş etdirib”.
“Report”un xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov iyulun 4-də Bakıda “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi mürəkkəb konstitusion mübahisələrinin həllində, hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunmasında zəruri rol oynayıb:
“Konstitusiya Məhkəməsinin plenum qərarları cəmiyyətimizin hüquq düşüncəsini zənginləşdirib, hüququn aliliyi, hüquqi müəyyənlik, mütənasiblik və tarazlığın bərqərar olmasında mühüm rol oynayıb və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərini formalaşdırıb. Məhz bu missiyanın həyata keçirilməsində Konstitusiya Məhkəməsini dəstəkləmək və gücləndirmək bütün vətəndaş cəmiyyəti institutlarının borcudur. Bu gün Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsi orqanı kimi öz funksiyalarını tam yerinə yetirmək üçün bir sıra yerli və beynəlxalq dövlət və qeyri-dövlət qurumları ilə əlaqələrini genişləndirir. Belə ki, bu qurumlar arasında vətəndaş cəmiyyətinin mühüm institutlarından biri olan Azərbaycan vəkilliyinin də özünəməxsus yeri var”.
A.Bağırov bildirib ki, Azərbaycan Vəkillər Kollegiyası ilə Konstitusiya Məhkəməsi arasında çoxşaxəli, səmərəli əməkdaşlığa və qarşılıqlı hörmətə əsaslanan münasibətlər mövcuddur:
“Bu əməkdaşlıq çərçivəsində son iki ildə Kollegiya tərəfindən Konstitusiya Məhkəməsində baxılan işlər üzrə 40-dan çox mütəxəssis rəyi verilib. Bununla da Vəkillər Kollegiyası müstəqil peşə birliyi kimi Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinin formalaşmasına öz dəstəyini göstərir”.