Aprelin 23-də Sankt-Peterburqda (Rusiya) təhlükəsizlik məsələlərinə cavabdeh olan Ali Nümayəndələrin XII Beynəlxalq Müşavirəsi öz işinə başlayıb. Bu gün başa çatacaq bu iclasda İrəvanın nümayəndəsi, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iştirak etməyib. Beləliklə, İrəvan Rusiyanın himayəsi altında və ərazisində baş verən hadisələri boykot etməyə davam etdi.
Bəs bu vəziyyət nə vaxta qədər davam edə bilər və bu hara gedir? Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin Ekspert Şurasının üzvü, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının ekspert analitiki, psixologiya elmləri namizədi Anatoli Nikiforov Oxu.Az-la bununla bağlı söhbətində fikirlərini bölüşüb:
– Qərbin diqqətini çəkməklə məşğul olan Ermənistanın baş naziri Nikol Paşinyanın macəralarını görürük. Düzdür, o, Qərb paytaxtlarına səfərləri zamanı heç vaxt Ermənistan üçün vacib və zəruri olan bazarlıqlar edə bilməyib. Qərb Ermənistana lazımi anda Cənubi Qafqazda bir növ gərginlik yarada biləcək proksi layihə kimi baxır. Hələliksə Qərb Paşinyana onlar üçün vacib və lazımlı olduğunu göstərir.
Unutmayın ki, Nikol Paşinyanın səlahiyyət müddəti kifayət qədər tez başa çatacaq, seçki keçirmək və deməli, Qərbin dəstəyini qazanmaq lazım gələcək. Ona görə də Ermənistandan Qərb layihəsi hazırlayır. Amma dərhal qeyd etmək lazımdır ki, Ermənistanda Ukrayna ssenarisi üzrə hadisələrin baş verməsi, çətin ki, mümkün olsun, lakin Ermənistanla Azərbaycan arasında münasibətləri gərginləşdirməyə cəhd etmək olar. İrəvanda, sadəcə, başa düşmürlər ki, bu halda özlərini ölümə verəcəklər. Düşünürəm ki, Rusiya, Azərbaycan və Türkiyə buna müvafiq reaksiya verəcəklər. Və heç də bütün erməni siyasətçilər Azərbaycanla vəziyyəti gərginləşdirməyə razı olmayacaqlar.
Sualınıza qayıdaraq qeyd etmək istərdim ki, Ermənistanın format və assosiasiyalardan (Rusiyanın iştirakı olan – red.) çıxması artıq yazılı ssenaridir, belə də olacaq. Bəs İrəvan nəyə ümid edir? Bəlkə, Rusiyanın qorxmağına, “bunu etməyin, getməyin, biz sizə siyasi və iqtisadi üstünlüklər verməyə hazırıq, Azərbaycanla mübahisələrdə sizi daha fəal dəstəkləyəcəyik” deməyinə? Bu, bir çox səbəblərə görə baş verməyəcək. Rusiyanın Azərbaycanla əla münasibətləri var. Prezidentlərimizin qarşılıqlı anlaşması var. Azərbaycanın yaxın müttəfiqi olan Türkiyə ilə bizim mühüm əlaqələrimiz var.
Təbii ki, Moskva İrəvanla əlaqəni kəsməkdə maraqlı deyil. Amma Ermənistanda rusofob əhvali-ruhiyyə oyanır ki, buna diqqət etməmək mümkün deyil. Bəli, bu fenomen böyük miqyas almayıb, amma yenə də…
– Amma Azərbaycan-Ermənistan münasibətlərində əlamətdar hadisə baş verdi – sərhədin bir hissəsində sərhəd dirəyi quraşdırıldı və Ermənistan Azərbaycanın Qazax rayonunun dörd kəndindən qoşunlarını çıxarmağa razı oldu…
– Həqiqətən də, Bakı və İrəvanın uğurlu danışıqlar prosesinə başlaması üçün nəhəng səylər göstərilib ki, bu da uzunmüddətli münasibətlərin qurulması və Azərbaycanla Ermənistan arasında praqmatik siyasi-iqtisadi əlaqələrə keçidin mümkünlüyü şəklində nəticələr verir. Rusiya sülhməramlıları Qarabağı tərk edirlər. Onlar öz tapşırıqlarını yerinə yetiriblər və artıq orada qalmaq üçün heç bir səbəb yoxdur.
Amma mən hesab edirəm ki, Ermənistanın addımları Nikol Paşinyanın və onu dəstəkləyən qrupun istəkləri ilə bağlıdır. Amma xatırlayırıq ki, Ermənistanın indiki baş naziri Qərbin yetirməsidir, “Sorosun adamı”dır, ağalarını tərk edə bilməz. Deməli, Qərbə lazım olarsa, Ermənistanla Azərbaycan arasında yeni gərginliyin yaranması ehtimalı qalır. Mən hansısa böyük müharibədən danışmıram, xeyr. Dediyim kimi, Azərbaycan, Rusiya və Türkiyə buna imkan verməyəcəklər. Amma heç kim lokal hərbi toqquşmaları istisna edə bilməz.
Bundan əlavə, unutmaq olmaz ki, Nikol Paşinyan çox emosional insandır, onun əvvəlki açıqlamalarını (“Qarabağ Ermənistandır” və s. – red.) xatırlayın. Üstəlik, bu gün onun reytinqi sürətlə azalır (“Gallup InternationaI” sosioloji xidmətinin sorğusuna əsasən, martda Nikol Paşinyanın reytinqi 8% olub – red.).
Nair Əliyev