“Fransa öz ərazisindəki səfirliklərin və diplomatların təhlükəsizliyini təmin etmək üçün tədbirləri gücləndirməlidir”.
Bunu “Report”un yerli bürosuna açıqlamasında Fransa Milli Assambleyasının üzvü, deputat Andre Vilye bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Fransadakı səfirliyinin qarşısında keçirilən aksiya zamanı binaya hücum edilərək vandal əməllər törədilməsi yolverilməzdir:
“Biz belə halların baş verməsini qəbul edə bilmərik. Azərbaycan səfirliyinin diplomatik korpusu və əməkdaşlarının təhlükəsizliyi Vyana Konvensiyasının 22-ci maddəsi ilə təmin edilir. Fransa da ev sahibi ölkə kimi səfirliklərin binasını qorumaq üçün zəruri tədbirlər görməyə məcburdur”.
A.Vilye deyib ki, Fransanın sülh prosesində rolunu gücləndirməsi, sülhə mane olanlara qarşı mübarizə tədbirlərini artırması vacibdir:
“Ölkəmiz silahlı münaqişələrin süni surətdə uzadılması üçün səhnə ola bilməz. Bir qrup şəxs iki ölkə arasında sülhün bərpa olmasına mane olmağa çalışır. Biz belə halların Fransada baş verməsini heç bir halda qəbul edə bilmərik”.
Xatırladaq ki, Azərbaycanın Fransa və Livandakı səfirliklərinə son günlər bir qrup erməni radikal basqın edib.