• C. Noy 29th, 2024

Andreas Umland: “Rusiyanın Cənubi Qafqazdan çıxmasına hazır olmalıyıq” – Almaniyadan MÜSAHİBƏ

ByYenigun.news

İyl 17, 2023


Bu yaxınlarda Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli sammit Fransa tərəfindən ənənəvi olaraq Azərbaycan əleyhinə səslənən bir sıra bəyanatlar fonunda baş tutub.

Belə ki, Fransa Respublikası Senatının sədri Jerar Larşe Laçın yolunun “dərhal açılması”nı və Fransa tərəfindən Ermənistana silahların çatdırılmasının sürətləndirilməsini tələb edən bəyanatla çıxış edib.

Bundan başqa, Fransa Milli Assambleyasının prezidenti Yael Braun-Pive Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşündə bəyan edib ki, Paris həmişə Ermənistanın yanında olacaq. Erməni və fransız deputatlar isə Azərbaycana qarşı sanksiyaların tətbiqi imkanlarını müzakirə ediblər.

Eyni zamanda, Ukrayna mətbuatında Fransa Prezidenti Makronun anti-Avropa siyasəti yeritdiyi və Qarabağda rusiyayönümlü separatizmi dəstəklədiyi barədə çoxlu yazılar dərc olunub.

Stokholm Şərqi Avropa Araşdırmaları Mərkəzinin analitiki, almaniyalı politoloq Andreas Umland Oxu.Az-a verdiyi şərhdə qeyd edib ki, Azərbaycan üçün həm Fransada, həm də ABŞ-də böyük erməni diasporlarının olması və onların daxili siyasətə təsirləri həmişə problem olub:

– Məhz buna görə bu ölkələr Qarabağ və Ermənistan-Azərbaycan məsələsinin nizamlanması ilə bağlı belə ikili mövqe tutublar. Halbuki beynəlxalq hüquq normalarına əsasən, hər şey tamamilə aydındır. Bütün dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünün bərpasına dəstək verməlidir.

Fikrimcə, Parisin son hoqqabazlıqları erməni diasporunun Fransa daxilində təsir faktorunun təzahürüdür ki, bu da seçki potensialına və siyasətçilərə təsir imkanlarına malikdir. Xarici və daxili (seçki) siyasət arasında kəsişmələr də beləcə baş verir. Məhz bu, siyasətçilərin bu qəbildən ziddiyyətli açıqlamalarına gətirib çıxarır.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, Ukrayna məsələsində Fransa son bir neçə ayda Rusiya təcavüzünün dəf edilməsi ilə bağlı Kiyevə dəstəyini nəzərəçarpacaq dərəcədə gücləndirib. Ona görə də hesab edirəm ki, Fransanın Qafqazda mövqeyi rusiyapərəst xarakter daşımır, dediyim kimi, bu, daxili siyasi, elektoral vəziyyətin təzahürüdür.

– Bəs Fransanın ümumavropa xətti haqqında nə demək olar? Elə hal olub ki, növbəti görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel razılaşdırılmış bəyanatla çıxış edib, lakin daha sonra Fransa Prezidenti Emmanuel Makron gözlənilmədən bəyanat verib və hər şeyi korlayıb…

– Mən bunu da daxili məsələlərlə əlaqələndirirəm. Makron daxili siyasi tələbə bu şəkildə cavab verir.

Ümumiyyətlə, Qərb dövlətlərinin və Rusiyanın ziddiyyətli mövqeləri onu deməyə əsas verir ki, Azərbaycan-Ermənistan nizamlanmasının ən yaxşı yolu Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında vasitəçilərsiz, ikitərəfli, birbaşa danışıqlardır.

Azərbaycan və Ermənistan (hər ölkə özünəməxsus şəkildə) Avropa istiqamətinə kökləniblər, ümumiyyətlə Qərbə yönəliblər. Bakı NATO üzvü olan Ankara ilə çox yaxın əlaqələrə malikdir. Ermənistan isə son bir neçə ildə Rusiya ilə bağlı məyusluq yaşayıb. İrəvan İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra Rusiya Federasiyasından çox ümid bəslədiyi dəstəyi almadı.

Odur ki, daxili siyasi üstünlüklər qazanmağa çalışan hansısa xarici aktorlara güvənməmək daha məqsədəuyğundur.

– Danışıqlar üçün üç platforma var – Rusiya, Avropa və ABŞ. Praktiki təcrübə göstərdi ki, Brüssel və Vaşinqton formatında keçirilən görüşlər daha çox nəticə verir…

– Rusiya həmişə münaqişənin həllində deyil, onun davam etdirilməsində maraqlı olub. Rusiya Federasiyası həmişə münaqişəni qızışdırıb. Ona görə də Rusiya platformasındakı danışıqların Qərblə müqayisədə daha az uğurlu olması məni çox təəccübləndirmir.

Moskva hər kəsi, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzrə guya rəsmi müttəfiq olduqları erməniləri qeyri-müəyyən vəziyyətdə saxlamaq istəyir. Eyni zamanda, məndə belə bir təəssürat yaranıb ki, Rusiyada Azərbaycan-Ermənistan məsələsinin nizamlanması ilə bağlı müxtəlif mövqelər var. İndi isə Yevgeni Priqojin və onun “Vaqner” özəl hərbi şirkətinin son qiyamı ilə bağlı “Putin sistemi”ndə çat əmələ gəlib. Bu qiyamın dalğaları hələ də yayılmaqda davam edir və ola bilsin ki, hansısa məqamda Qarabağdakı qondarma Rusiya sülhməramlı kontingentinə öz təsirini göstərəcək. Ondan qurtulmaq şansı yaranacaq. Və ola bilsin ki, Rusiya sülhməramlı kontingenti hətta 2025-ci ildən də əvvəl bu ərazini tərk edəcək. Çünki Rusiya Federasiyası daxilində böhran baş verərsə, heç nəyi istisna etmək olmaz.

Azərbaycan müdriklik nümayiş etdirərək bu məqama hazır olmalıdır. Və o vaxta qədər, mənə elə gəlir ki, vasitəçiləri istisna etməklə, Ermənistanla birbaşa ikitərəfli danışıqlara keçmək məqsədəuyğun olardı. Rusiyanın Cənubi Qafqazdan çıxmasına hazırlaşmalıyıq. Üç dövlət – Azərbaycan, Gürcüstan və Ermənistan Rusiya faktoru olmadan öz aralarında danışıqlar apara bilərlər.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir