Astana formatı çərçivəsində bu həftə Tehranda keçirilən və Türkiyə, Rusiya və İran prezidentlərinin birgə bəyanatının imzalanması ilə başa çatan üçtərəfli sammit bir çox Qərb müşahidəçiləri tərəfindən Ankara, Moskva və Tehranın birliyi kimi qiymətləndirilib. Tərəflər İsrailin Suriyadakı hərbi hücumlarını pisləyib, Suriyanın Qolan yüksəkliyinin işğalına qarşı çıxıblar və ayətullah Əli Xamenei ilə Rusiya Prezidenti Vladimir Putinin danışıqları zamanı İranın ali dini lideri faktiki olaraq Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyərək bildirib ki, NATO Ukraynada dayandırılmasa, Şimali Atlantika Alyansı Rusiya ilə müharibəyə başlaya bilər.
Yaxın Şərq üzrə aparıcı ekspert, Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Dünya Siyasəti fakültəsinin Şərqşünaslıq Məktəbinin baş müəllimi, Rusiya beynəlxalq işlər şurasının eksperti Andrey Çuprıgin Oxu.Az-a müsahibəsində bu fikirlə razılaşmadığını deyib:
– Mən Rusiya, Türkiyə və İranın Qərbə qarşı birləşdiyini düşünmürəm. Məsələ bundadır ki, bu ölkələrin tamamilə fərqli inkişaf trayektoriyası və fərqli maraqları var. Hesab edirəm ki, Tehranda keçirilən sammit situasiya xarakterlidir. Bu, əsasən Rusiyanın total sanksiyalara məruz qalması ilə bağlıdır, yeri gəlmişkən, Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalardan daha sərtdir.
Türkiyənin bu prosesdə iştirakını izləmək çox maraqlıdır. Prezident Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bütün formatlarda iştirak etmək istəyir və bu, ciddi siyasi ismarışdır. Amma eyni zamanda, unutmayaq ki, Türkiyə Cümhuriyyəti NATO-nun üzvüdür və bu ittifaqdan çıxmaq fikrində deyil. Amma NATO bu gün Rusiyanın birbaşa düşmənidir. Mən xatırlamıram ki, Ankara Şimali Atlantika Alyansının geostrateji və hərbi konsepsiyasına Rusiyanın əsas təhlükə kimi daxil edilməsinə etiraz edə.
Yəni hansısa inanılası olmayan birliyin baş verdiyini söyləmək sadəcə, lazım deyil.
– Ancaq hər halda nəsə baş verir?
– Böyük Yaxın Şərqdə aparıcı rol oynamağa çalışan Türkiyə və İran anlayırlar ki, ABŞ və Avropanın təsirinə qarşı mübarizədə Rusiyadan bir vasitə kimi istifadə bu gün daha rahatdır. Rusiya Federasiyası ABŞ və NATO-ya qarşı qorxulu hekayədir. İranın isə başqa vəzifəsi var – ölkəyə tətbiq olunan sanksiyalardan yan keçmək üçün dəhlizi gücləndirmək.
Eyni zamanda, mənim bildiyimə görə, İran Rusiya qazının və neftinin öz ərazisindən tranzitinə razılıq vermədi. İki ölkə arasında vahid ödəniş sisteminin yaradılması üçün uzun proses də məni narahat edir. Rusiya üçün bu çox vacib məsələdir, amma İran üçün yox.
Beləliklə, Yaxın Şərqdəki bütün bu qucaqlaşmalar və qardaşlaşmalar 20 yerə bölünməlidir.
Mən artıq Türkiyə ilə bağlı danışmışam, amma NATO-ya üzvlükdən başqa amillər də var. Ankaranın, məsələn, Suriyada Rusiya ilə heç bir şəkildə uyğun gəlməyən vəzifələri var. Tehran görüşündən sonra qəbul edilən və Suriyadan da bəhs edilən kommünike isə əslində mövcud olmayan birliyi xarici dünyaya göstərmək cəhdidir. Mətndə Suriyanın suverenliyi və ərazi bütövlüyündən danışılıb. Amma çətin ki, Türkiyə Suriyanın şimalını tərk etmək istəsin, Ankaranın bunu etməmək üçün ciddi səbəbləri var.
Astana formatında keçirilən bu görüşlə bağlı şərhçilərin həvəsini anlayıram, amma heç vaxt bununla razılaşmamışam. Bəli, görüşmək, danışıqlar masası arxasında oturmaq həmişə yaxşıdır. Amma bu formatda iştirak edən ölkələr çox fərqlənirlər, onlar mövqelərini birləşdirə bilmirlər.
– Türkiyə və İsrail son aylarda münasibətlərini yaxşılaşdırmağa çalışırlar və kifayət qədər uğurludurlar. Amma Rəcəb Tayyib Ərdoğanın imzaladığı birgə bəyanatın mətnində İsrailə münasibətdə sərt ifadələr yer alır…
– İsraillə münasibətlər Türkiyə üçün çox önəmlidir, sadəcə, ona görə ki, biz indi Yaxın Şərqdə yeni ittifaqın formalaşmasının şahidi oluruq, burada İsrail ərəb və Yaxın Şərq dünyasında ciddi oyunçuların cazibə mərkəzi olacaq. Türkiyə kənarda qala bilməz.
Kommünikedə yer alan İsrailə hücum isə bu sammitin ev sahiblərinə, yəni İrana bir jestdir. İkincisi isə tamamilə növbətçi məsələdir. Bu da ilk növbədə, İsrailə yox, ABŞ-a hücumdur. Necə ki, müttəfiqləriniz Qolan təpələrini təslim etmirlər. Baxmayaraq ki, İsrailin Qolandan əl çəkməyəcəyi artıq hamıya aydındır. Bununla da İsrailin güzəştləri müqabilində Suriyanın hazırkı Prezidenti Bəşər Əsədin atası Hafiz Əsəd öz zamanında razılaşmağa hazır idi. Amma sonra İsraildə inadkarlıq etdilər, hər yerdə uzaqgörən olmayan insanlar kifayət qədərdir.
Ancaq indi də Suriya danışıqlarda ona razılaşa biləcəyi təklifin ediləcəyini gözləyir. Amma bu hələ baş vermir, çünki Bəşər Əsədin perspektivi və stabil gələcəyi təmin edilmir.
– Digər mühüm məqam – İranın ali lideri əslində Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı”nı dəstəklədi. Bu, ABŞ-ın bundan sonra İranla nüvə sazişini davam etdirməyə çalışmayacağı anlamına gəlirmi?
– Heç də belə deyil. İranla nüvə sazişinin yenilənməsi ABŞ Prezidenti Co Bayden üçün son dərəcə vacibdir. O, bununla Ağ Evə gəldi və bundan imtina edə bilməz. Onun bu və ya digər şəkildə bu sövdələşməni canlandırmaq üçün fürsətlər axtaracağı göz qabağındadır. Rusiya ilə də problemlər var, çünki Moskva bu sövdələşməni dəstəkləmək müqabilində özü üçün müəyyən güzəştlər istəyir. Ticarət gedir və bu, normaldır.
Deməzdim ki, ayətullah Xamenei Rusiyanın Ukraynadakı əməliyyatını dəstəkləyib. İranın ali dini liderinin işlətdiyi ifadə ciddi qonağa – Rusiya prezidentinə jestdir. İran rəsmi olaraq bu əməliyyatı dəstəkləmir və bütün məsələlərin danışıqlar yolu ilə həll edilməli olduğu mövqeyini davam etdirir.
– Tehran Qarabağla bağlı Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinlə söhbətdə qeyd olunan bəyanatlar da verdi. Amma daha maraqlısı odur ki, İranın ali dini lideri Əli Xamenei Türkiyə rəhbəri ilə söhbətində deyib ki, Tehran Qarabağın Azərbaycana qaytarılmasından razıdır. Ayətullah Xameneinin bu sözləri də mənasız bir jestdir?
– Amma indiki halda mənə elə gəlir ki, bu, jest deyil, mövqedir. Əli Xamenei tam olaraq düşündüyünü söylədi. Bu isə daha çox Ermənistan rəhbərliyinə ünvanlanmış bəyanatdı: İndiki siyasi şəraitdə nəyi isə düz etmir və ona görə də əlində qalan elə bundan ibarətdir.
Nair Əliyev