“Missiya münaqişə tərəflərindən yalnız birinin dəvəti ilə olarsa, təbii ki, onun birtərəfli mövqe tutacağına dair şübhələr həmişə olacaq”.
Bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RBƏŞ) baş direktoru Andrey Kortunov Avropa İttifaqı Şurasının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarını Oxu.Az-a şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu müşahidəçilərin meydana çıxması Azərbaycanla razılaşdırılsaydı, yəqin ki, belə suallar yaranmazdı.
Ekspert vurğulayıb ki, Aİ missiyasının müstəsna olaraq humanitar və siyasi cəhətdən dəvətsiz olacağı fərz edilsə belə, sərhədin o biri tərəfində mənfi reaksiyanın olmasını istisna etmək olmaz.
“Belə missiyalar nizamlanma prosesində iştirak edən hər iki ölkə ilə razılaşdırılmalı və təbii ki, mandat əvvəlcədən mümkün qədər aydın şəkildə müəyyən edilməlidir. Moskvanın özündə də bütün bunların Rusiyanı regiondan kənarlaşdırmaq, onun sülhməramlı rolunu pozmaq məqsədi ilə edildiyinə dair şübhələr yaranacaq. Mənə elə gəlir ki, taktiki cəhətdən bu (İrəvanın – red.) ən yaxşı qərarı deyildi – Avropa İttifaqının nümayəndələrinin yerləşdirilməsinə daha inklüziv yanaşmaq lazım idi. İstənilən halda hər kəsə uyğun forma tapmaq olardı”, – deyə Kortunov əlavə edib.
RBƏŞ rəhbəri Ermənistanın bununla, əslində, Rusiyaya mesaj ötürdüyünün məntiqə uyğun gəldiyini bildirib:
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) narazıdır. Bu narazılıq dünən yaranmayıb. Təlimlərin ləğvi Ermənistanın qəzəbinin təzahürünün növbəti mərhələsidir. Biz bilirik ki, İrəvanın belə bir mövqeyi KTMT-nin İrəvan sammitində də səslənib və s. Görünür, Ermənistan tərəfi siqnal göndərməyə, KTMT-nin onlar üçün yeganə imkan olmadığını, təhlükəsizliyi təmin edə biləcək başqa alternativlərin və tərəfdaşların olduğunu göstərməyə çalışır”.
Ekspert, bununla belə, xatırladıb ki, Avropa İttifaqı nə NATO, nə də hərbi-siyasi alyansdır.
“Aİ-nin hərbi imkanları və sülhməramlı potensialı kifayət qədər məhduddur. Düşünmürəm ki, Aİ nümayəndələrinin Ermənistanda görünməsi Ermənistan-Azərbaycan sərhədində vəziyyəti kökündən dəyişəcək. Bu, daha çox simvolik siyasi jestdir”, – deyə Kortunov sözlərini yekunlaşdırıb.
Nair Əliyev