“Taliban” rejimi son bir neçə gündür ki, öz yaraqlılarını fəal şəkildə Əfqanıstanın şimalına köçürür. Bu barədə Rusiya Politoloqlar Cəmiyyətinin Analitik Mərkəzinin direktoru, Əfqanıstan Siyasətinin Öyrənilməsi Mərkəzinin rəhbəri Andrey Serenko Əfqanıstan Milli Müqavimət Cəbhəsinin (ƏMMC) kəşfiyyat xidmətinə yaxın mənbələrə istinadla özünün “Telegram” kanalında yazıb.
Beynəlxalq terrorçuların Əfqanıstanın şimalındakı əyalətlərə köçürülməsi “Taliban”ın daxili siyasətinin prioritetlərindən birinə çevrilib. Oxu.Az-a danışan Andrey Serenko hesab edir ki, aksiyanın strateji məqsədi Mərkəzi Asiya və Qafqaz regionunda sabitliyi pozmaqdır.
– “Taliban” nə üçün Mərkəzi Asiyada, hətta Qafqazda sabitliyi pozmağa ehtiyac duyur?
– Əslində, bir-biri ilə əlaqəli çoxlu proseslər baş verir. Onlardan biri də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (BND) bütün “çiyin”ləri və paralel təchizat zəncirləri ilə sürətləndirilmiş inkişafıdır. Dəniz, dəmir yolu və avtomobil yolunun daxil olduğu layihədə Azərbaycan, Qafqaza qonşu olan İran, həmçinin Rusiyanın Dağıstan, Kalmıkiya və s. kimi bir çox regionları iştirak edir.
ƏMMC-dəki mənbələrim hesab edirlər ki, yaxın gələcəkdə Əfqanıstan-İran sərhədində və ola bilsin ki, Azərbaycanla həmsərhəd zonada gərginliyin artacağını gözləmək lazımdır. Yeri gəlmişkən, bu yaxınlarda Əfqanıstanla İran sərhədində gərginlik yaranmışdı, vəziyyət isə həll olunmaqdan çox uzaqdır, indi orada tərəflər, sadəcə olaraq, necə deyərlər, “operativ pauza” veriblər.
Amma ilk növbədə, ən böyük təhlükə “cənub” cəbhəsinin açılmasıdır. Bu isə ilk növbədə Əfqanıstanın Tacikistanla sərhədidir. Hazırda Suriya və İraqdan cihadçı qruplar Əfqanıstanın şimalına köçürülürlər. Söhbət minlərlə insandan gedir. Beləliklə, vəziyyət kifayət qədər gərgindir.
İranın Azərbaycanla həmsərhəd ərazilərinə qayıtsaq, orada da sürprizlər ola bilər. Əfqanıstan Milli Müqavimət Cəbhəsinin kəşfiyyat xidmətinə yaxın əfqan mənbələr hesab edirlər ki, İran və Əfqanıstan, İran və Azərbaycanın sərhəd zonasında gərginliyin, o cümlədən silahlı münaqişənin artması ehtimalı yüksəkdir. Onların fikrincə, gərginliyin belə artmasında ABŞ maraqlıdır və bunun üçün Tehran rejiminin radikal əleyhdarlarından, “Taliban” döyüşçülərindən və digər cihadçı qruplardan istifadə etməyə çalışacaq.
Məhz buna görə də əfqan analitiklər Cənubi Qafqaz regionunda vəziyyətin daha da pisləşəcəyini düşünürlər. Onların fikrincə, ABŞ-nin “Taliban”dakı müəyyən qruplaşmalara təsir imkanları ABŞ-yə gərginliyi artırmağa imkan verir.
– Bəs “Taliban” hansı səbəbdən “Şimal-Cənub”u pozmaq istəyir?
– “Taliban” müxtəlif fraksiyaların və cihadçı qrupların toplandığı çətir strukturdur. Onların bəziləri ABŞ kəşfiyyat orqanları ilə əməkdaşlıq edirlər və regionda hərbi, həmçinin terror layihələrinin həyata keçirilməsində proksi kimi istifadə oluna bilərlər. Aydındır ki, Birləşmiş Ştatlar Şimal-Cənub BND-nin həyata keçirilməsində maraqlı deyil, ona görə də onların bu layihəni pozmağa cəhd etmək üçün “Taliban” və nəzarətləri altında olan digər cihadçı qruplardan istifadə etmək imkanı var.
Eyni zamanda, mənə məlumdur ki, “Taliban”da da nəqliyyat dəhlizi layihəsində iştirak etməkdə maraqlı olan qruplar var, onlar bu marağı bu yaxınlarda Kazanda keçirilən iqtisadi forumda səsləndiriblər. Beləliklə, hələ ki, Şimal-Cənub BND ilə bağlı “Taliban”ın hansısa ümumi, vahid mövqeyindən danışmaq çətindir.
Nair Əliyev