• Şb. Noy 2nd, 2024

Ankarada 20 Yanvar – Ümumxalq hüzn gününə həsr olunmuş anım mərasimi keçirilib – FOTO

ByYenigun.news

Yan 20, 2023

Türkiyənin paytaxtı Ankaradakı Azərbaycan Evinin Şuşa Konfrans Mərkəzində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Türkiyə – Azərbaycan Dostluq, Əməkdaslıq və Həmrəylik Fondunun (TADİV), Türk Dünyası Parlamentarilər Fondu və Qazi Universiteti Türk Dünyası Uygulama və Araştırma Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq hüzn gününə həsr olunmuş anım mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, Türkiyənin dövlət rəsmilərinin, diplomatik korpus təmsilçilərinin, Türkiyənin hərbi məktəblərində təhsil alan azərbaycanlı kursantların, elm xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbir şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və iki ölkənin milli himnlərinin səsləndiirlməsi ilə başlayıb.

20 Yanvar hadisələrinə həsr olunmuş qısa filmin nümayişindən sonra açılış çıxışları edilib.

TADİV rəhbəri, Türkiyə Prezidenti yanında Xarici siyasət və təhlükəsizlik şurasının üzvü professor Aygün Attar açılış çıxışında 20 Yanvar tarixi ilə bağlı xatirələrini bölüşüb, bu tarixin Azərbaycanın qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov 20 Yanvar münasibətilə həm Azərbaycanda, həm də ölkəmizdən kənarda çoxsaylı tədbirlər keçirildiyini ifadə edib. Səfir 20 yanvar 1990-cı ildə Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü arzularının qarşısının alınması məqsədilə silahsız insanlara qarşı törədilmiş qətliamdan danışıb.

Qeyd edilib ki, tətbiq edilən zorakılığa baxmayaraq Azərbaycan xalqı azadlıq əzmini itirmədi, şəhidlərin qanı və canı bahasına müstəqillik bərpa edildi. Bu şərəfli tarixin qeyd edilməsi gənc nəsil üçün çox əhəmiyyətlidir. Səfirin çıxışında 20 Yanvar hadisələrinə məhz Ümummilli lider Heydər Əliyevin hakimyyətə qayıdışından sonra hüquqi qiymət verildiyi diqqətə çatdırılıb.

Türkiyə xarici işlər nazirinin müavini Yasin Əkrəm Serim 20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb, 20 Yanvar tarixinin 8 Noyabr Vətən müharibəsi zəfərinə gedən yolu açdığını və aydınlatdığını qeyd edib.

Qazi Universiteti nəzdində Türk Dünyası Araşdırma Mərkəzinin müdiri Alev Kuru Çakmakoğlunun, Türk Dünyası Parlamentarilər Fondunun sədri Abdullah Çalışkanın və Türk Tarix Qurumu Başqanı Birol Çətinin çıxışlarında 20 Yanvar qəhrəmanları və şəhidləri ilə Azərbaycanın azadlığa gedən yolu olaraq səciyyələndirilib. Çıxışlarda 20 Yanvar şəhidlərinin qanının yerdə qalmadığı, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərlə şəhidlərin ruhunun şad olduğu vurğulanıb.

Çıxışların ardınca 20 Yanvar şəhidlərinə həsr olunmuş “Qanlı Yanvar” fotosərgisinin açılışından sonra anım proqramı elm adamlarının iştirakı ilə 20 yanvar 1990-cı il tarixinin Azərbaycan tarixində önəminə həsr olunmuş panel konfransla davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir