“Azərbaycanın İranla uzun sərhədi var və onu qorumaq lazımdır”.
Bunu Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə çıxış edən ABŞ dövlət katibi Antoni Blinken ermənipərəst demokrat senator Bob Menendezin ABŞ-nin Azərbaycana hərbi təhsil verməsi barədə suallarını cavablandırarkən deyib.
Blinken bunun praktik səbəbləri olduğunu deyib.
“Birincisi, bildiyiniz kimi, sülhməramlı missiyalarda iştirak çərçivəsində Azərbaycan Silahlı Qüvvələri ilə bizim – NATO hərbi qüvvələri arasında qarşılıqlı fəaliyyəti gücləndirmək olduqca vacibdir”, – deyə Blinken bildirib.
Bundan sonra o, qeyd edib ki, Azərbaycan İranla həmsərhəddir və bu, Azərbaycanın hərbi hazırlıq səviyyəsini yüksəltməsi ilə uyğundur.
Blinken Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında ABŞ-nin rolundan da danışıb və sülh razılaşmasına nail olmaq üçün nələr edilə biləcəyini görməkdə çox maraqlı olduğunu vurğulayıb.
Dövlət katibi yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib.