• Be. Noy 25th, 2024

“ASAP Forum 2022”nin bağlanış mərasimi keçirilib – FOTO

ByYenigun.news

Avq 1, 2022

İyulun 31-də Bakıda Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə “ASAP Forum 2022”nin bağlanış mərasimi keçirilib.

Forumun sonuncu gününə ev sahibliyi edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov  ölkəmizdə gənclər siyasəti sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva forumun keçirilməsinin önəmini vurğulayıb. Qeyd edib ki, gənclərimiz dövlət tərəfindən dəstəklənən və Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən xaricdə təhsillə bağlı gənclər proqramından yararlanırlar. Bundan başqa, dövlətimizin başçısının Sərəncamı ilə iyulun 22-də “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiqlənib. Bu strategiyada da gənclərlə bağlı məsələlər öz əksini tapıb.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov forum çərçivəsində keçirilən tədbirlər, panel müzakirələri və karyera sərgisinin gənclərə qazandırdığı üstünlüklərdən danışıb. Qeyd edib ki, forum xaricdə təhsil almış və məzun olmuş gənclərin formalaşmasında və onların şəbəkələşməsində mühüm rola malikdir. Forum çərçivəsində keçirilən karyera sərgisi gənclərimizə yeni iş və karyera imkanları yaradıb.

Daha sonra Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) İdarə Heyətinin üzvü Bəxtiyar İslamov, Köln universitenin tələbəsi Nəzrin Əliyeva, Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəetməsi və Xalq Təsərrüfatı Akademiyasının məzunu Müseyib Həyat və yekun nitqi səsləndirən Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) icraçı direktoru Rafael Hacıbəyli çıxış ediblər.

Bildirilib ki, regionlar üzrə qruplara bölünən gənclərin yaşadıqları ölkələrin problemləri, çətinlikləri dinlənilib və gənclərin sosial aktivliyini artıracaq layihə təklifləri edilib. Qruplar üzrə 10 layihənin təqdimatı keçirilib. Forum çərçivəsində xarici universitetlərdən məzun olmuş ekspertlər tərəfindən müxtəlif mövzularda panel müzakirələr və gənclərin şəbəkələşməsini təmin etmək məqsədilə müxtəlif şəbəkələşmə oyunları keçirilib.

Qeyd edək ki, 28-31 iyul tarixlərini əhatə edən və 23 ölkədən 300-dən çox gəncin iştirakı ilə keçirilən Forumun əsas məqsədi gənclərin xaricdə yaşadıqları müddətdə həyata keçirməyi planlaşdırdıqları layihələrin icrasına şərait yaratmaq, azərbaycanlı gənclər tərəfindən idarə olunan nümayəndəliklərin qurulması üçün innovativ həllər təklif etmək, təmsilçilik və ASAP-ın nümayəndəliklərinin inkişafına dəstək göstərməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir