“Azərbaycanda ümidverici idmançılar çoxdur, hər birinin çox uğurlu olduğunu hesab edirəm. Yaşları kiçik olan atletlər var idi ki, onların gələcəyi, həqiqətən, çox parlaqdır”.
Bunu “Report”a açıqlamasında İrəvanda keçirilən Avropa çempionatında qızıl medal qazanan və bu zəfərini Azərbaycana həsr edən türkiyəli ağırlıqqaldıran Cansu Bektaş deyib.
Prezident İlham Əliyev tərəfindən komanda yoldaşları ilə birlikdə Azərbaycana dəvət olunan və burada olduqları müddətdə ağırlıqqaldırma üzrə Azərbaycan çempionatını izləyən atlet ölkə birinciliyinin səviyyəsi haqqında danışıb.
Ağırlıqqaldırma üzrə Avropa çempionu bildirib ki, yarışlar çox maraqlı olub və güclü rəqabət görüb:
“Bununla yanaşı, çempionata dəvət edilmək və orada izləyici qismində iştirakımız da bizi çox sevindirdi. Bu idmanla məşğul olan gənclərə tövsiyəm isə ondan ibarətdir ki, heç vaxt ruhdan düşməsinlər və öz üzərlərində işləməyə davam etsinlər. Bir dəfə olmadı deyə idmanı atmağı düşünsəniz, əsla irəliyə gedə bilməzsiniz”.
İrəvandakı yarışın digər mükafatçısı Nuray Güngör də Azərbaycana səfəri haqqında təəssüratını bölüşüb:
“İki-üç gündür ki, Bakını gəzirik. Dünən və bu gün “Formula-1” yarışlarını izləmək imkanımız oldu. İlk dəfədir ki, bu cür beynəlxalq tədbirdə iştirak etmək imkanı qazandıq. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşümüz oldu, çox səmimi qarşılandıq. Bizə bir ata və ana kimi qayğı göstərdilər. Özümüzü evimizdəki kimi hiss edirdik. Azərbaycanın Türkiyədən heç bir fərqi yoxdur, bizə çox doğma gəldi. Dəvət məktubu gələndə çox sevindik və bu gün burada olmaqdan şadıq”.
Avropa çempionatının gümüş medalçısı Qamze Altun da, öz növbəsində, ölkəmizdə xeyli idmançının gələcəyinin parlaq olduğunu qeyd edib:
“Bildiyim qədərilə, İrəvanda keçirilən çempionatda azərbaycanlı bir qardaşımızın da medal şansı olub. Lakin xoşagəlməz hal yaşandı və bu cür nəticələndi. Bu, son deyil, hər bir idmançının şansı var. Əsas olan öz üzərində məsuliyyətlə işləmək və yarışlara ciddi şəkildə hazırlaşmaqdır. Bakıya ilk dəfə gəldik və ümid edirəm ki, yenidən gəlmək imkanımız olar. Qonaqpərvərliyə görə hər kəsə təşəkkür edirəm”.
Ağırlıqqaldırma üzrə qitə çempionatının qızıl medalçısı Yusuf Fehmi Genç isə vurğulayıb ki, Ermənistanda təşkil edilən Avropa çempionatında Azərbaycan bayrağının yandırılması onları çox məyus edib:
“İlk olaraq Cansu yarışdı və qızıl medal qazandı. Qazandığı qızıl medalı qardaşlarımıza ərməğan etdi. Azərbaycana ilk dəfədir ki, gəlmişəm. Özümü burada heç yad hiss etmədim. Bakını İzmirə oxşatdım və dostlarıma bura barədə danışıram. Hər kəsə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm”.