• Be. Noy 25th, 2024

“Avropa İttifaqı bu dəfə Azərbaycanla bağlı ədalətli mövqe ortaya qoydu” – RƏY + FOTO

ByYenigun.news

Sen 27, 2023


“Avropa İttifaqı Azərbaycan həqiqətləri barədə beynəlxalq hüquqa uyğun olan ədalətli mövqe ortaya qoydu”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat xatırladıb ki, həm 44 günlük Vətən müharibəsində, həm bir il əvvəl sentyabr hadisələri və bu günlərdə keçirilən birgünlük antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, ərazilərin işğalçılardan təmizlənməsi məqsədi daşıyırdı:

“Üç il bundan əvvəl imzalanmış Üçtərəfli Bəyanata görə, ərazilərimizin müəyyən bir hissəsində Rusiya sülhməramlıları yerləşdirilməli, buna paralel olaraq Ermənistan silahlı qüvvələrinin birləşmələri və separatçılar buranı tərk etməli və həmin ərazilərdə yaşayan erməniəsilli sakinlərin Azərbaycana reinteqrasiya olunması üçün sülh danışıqları aparılmalı idi. Lakin Ermənistan imzaladığı bəyanatı sabotaj edərək separatçıları silahlandırmağa davam etdi. Nəticədə Azərbaycan antiterror tədbirləri keçirməyə məcbur oldu”.

Onun sözlərinə görə, Ermənistan və onun havadarları antiterror tədbirlərini Azərbaycanın təcavüzü kimi qələmə verməyə çalışırdılar:

“Ancaq Azərbaycan həm buna qədər, həm də sözügedən hadisələr dövründə dəfələrlə verdiyi bəyanatlarla, təqdim etdiyi videolarla hədəfinin öz ərazisində olan qanunsuz hərbi obyektlər olduğunu bildirib. Yerli əhaliyə qarşı hər hansı bir aqressiya olmadığını sübut etdi”.

“Bu günlərdə “Laçın” sərhəd-buraxılış məntəqəsi vasitəsilə Ermənistana getmək istəyən əhalinin rahat şəkildə keçməsi üçün şərait yaradılır. Bunu dünya da görür və müvafiq qiymət verməlidir. Avropa İttifaqının verdiyi bəyanat Azərbaycan həqiqətlərinin dünya ictimaiyyəti tərəfindən qəbul edildiyini göstərir. Başqa cür mümkün də deyildi. Çünki Azərbaycan öz ərazisində separatçılığa, qeyri-qanuni hərbi dəstələrə qarşı mübarizə aparırdı. Bu gün həmin qanunsuz hərbi birləşmələri müdafiə etmək sabah Avropanın özü üçün çox pis bir nümunə yarada bilər. Ona görə də ağıllı başlar Avropanın bu məsələdə beynəlxalq hüquqa uyğun olan ədalətli mövqeyini ortaya qoydular”, – Milli Məclisin üzvü əlavə edib.

A.Mirzəzadə vurğulayıb ki, bu gün Azərbaycana qarşı ədalətsiz mübarizə aparan, Azərbaycanı etmədiyi hərəkətlərdə ittiham edən dövlətlər və qüvvələr də nə zamansa Azərbaycan həqiqətlərini etiraf etməyə məcbur olacaqlar:

“Azərbaycanın qısa zamanda separatçı rejimdən təmizlənmiş ərazisinin infrastrukturunu bərpa etməsi üçün ciddi işlər görməsi, yerli əhaliyə yaranmış humanitar problemlərin həlli üçün maksimum dəstək göstərməsi, bir neçə gün öncə Xankəndidə yanacaqdoldurma məntəqəsində baş verən yanğının söndürülməsi üçün lazımi resurslarını oraya yönəltməsi bir daha rəsmi Bakının bütün ərazisində yaşayan hər bir icmanın nümayəndəsinə eyni münasibət göstərməsinin sübutudur. Burada milli, dini, irqi ayrı-seçkilik yoxdur. Qarabağda yaşayan erməniəsilli sakinlər Azərbaycanın bütün vətəndaşları kimi qanun tərəfindən qorunacaqlar və atılan addımlar ayrı-ayrı beynəlxalq təşkilatların bəyanatlarından da aydın görünür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir