Azərbaycanın ixrac qazının həcminin artırılmasına tələbat var. Həcmin artırılması üçün TAP boru kəmərinin imkanlarının genişləndirilməsi zəruridir. Nəzərə alsaq ki, Azərbaycanın TAP layihəsindəki payı cəmi 20 faizdir, biz bu işi təkbaşına yerinə yetirə bilmərik.
Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycan ondan çox Avropa ölkəsindən sifarişlər alıb. Bu sifarişlərdə ya mövcud təchizat həcmini artırmaq, ya da yeni qaz həcmlərini təmin etmək xahiş olunur. Eyni zamanda, ölkəmiz ixracın coğrafiyasını genişləndirməyi planlaşdırır. Azərbaycan interkonnektorların tikintisi ilə bağlı Avropadan daxil olan təşəbbüsləri tam surətdə dəstəkləyir.
Prezident xüsusilə vurğulayıb ki, BP ilə əməkdaşlığımız davam edir. BP Azərbaycanda strateji sərmayədardır, habelə “Azəri-Çıraq-Günəşli”nin və “Şahdəniz”in əməliyyatçısıdır. “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz yatağının işlənilməsi layihəsi hazırda heç zaman olmadığı qədər daha da zəruridir. BP, həmçinin azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarını verib. Bu, onların nəinki Azərbaycanda bərpaolunan enerji mənbələrinə maraq göstərən aparıcı beynəlxalq şirkətlərin önündə getdiyini göstərir, o cümlədən azad olunan ərazinin seçilməsi bizim üçün xüsusi məna daşıyır.
Qarabağ və Şərqi Zəngəzurun günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Bölgənin hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyaları tikilməlidir. Onların 5-i artıq istismara verilib. Bolqarıstan və Serbiyanı birləşdirən digər interkonnektor isə gələn ilin sonunda hazır olacaqdır.
Hazırda biz Albaniya hökuməti ilə bu ölkənin qazpaylayıcı şəbəkəsinə sərmayə qoyuluşları barədə müzakirələr aparırıq. Albaniyada belə şəbəkə mövcud deyil, çünki Albaniya yalnız tranzit ölkəsidir. Lakin onların da yerli tələbatı təmin etmək üçün qaza ehtiyacı vardır. Digər bir layihə də İon-Adriatik qaz boru kəməri layihəsidir ki, üç Balkan ölkəsini əhatə edir. Lakin bu layihəni həyata keçirmək üçün onda maraqlı olan hər kəs gözləyir ki, Avropa İttifaqı müvafiq addımlar atacaq və layihə ilə bağlı öz mövqeyini bildirəcək. Azərbaycan, həmçinin Avropaya elektrik enerjisi təchizatının həcmini artırmağı planlaşdırır.
Səyyad Bağırov,
Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin direktoru