• Ç. Noy 27th, 2024

Avropa parlamentarilərinin erməni xorası: Korrupsiyanın təzahürü, “ultrasağçılar”la əməkdaşlıq – FOTO

ByYenigun.news

Fev 4, 2023

Son aylar dünya mediası bir-birinin ardınca avropalı parlamentarilərin korrupsiya qalmaqallarını dərc edir. Keçən ilin sonunda Brüsseli rüşvətxorluqda və 2022-ci il futbol üzrə dünya çempionatının təşkilatçısı Qətərdən böyük məbləğdə pul vəsaitlərinin və hədiyyələrin alınması ilə Avropa Parlamentinin qərarlarına təsir etmək cəhdində ittiham edilərək saxlanılan Avropa Parlamentinin vitse-prezidenti Eva Keyli və digər beş nəfərin korrupsiya qalmaqalı silkələdi.

2023-cü il fevralın əvvəlində isə Krımın Rusiya tərəfindən ilhaqını tanımaq və anti-Rusiya sanksiyalarının ləğvi üçün vəsatət qaldırmaq üçün Avropa Parlamentinin deputatlarına rüşvət verilməsi ilə bağlı yeni faktlar üzə çıxdı.

Hər iki qalmaqalın ətraflı təhlili vahid “əməkdaşlıq” mərkəzinə gətirib çıxarır.

Belə ki, yunan siyasətçisi Eva Keylinin işi parlamentariləri özünün yaratdığı “Ədalət və Demokratiya Uğrunda Avropa Erməni Federasiyası”nda toplayan Kaspar Karampetyanı (mənşəcə yunan ermənisidir – red.) üzə çıxardı. Karampetyanın bütün “dostları” müxtəlif korrupsiya sxemlərində iştirak edənlərdir. Qeyd edək ki, bundan əvvəl Avropa Parlamentində Ermənistanla dostluq qrupunun rəhbəri Eleni Teoxarus olub. Avropa Parlamentində Kiprin yunan hissəsini təmsil edən Teoxarus öz ölkəsində şübhəli fəaliyyətləri ilə tanınır – Kiprdə keçirilmiş seçki kampaniyaları zamanı rəqiblərinin irəli sürdüyü ittihamlardan biri də onun siyasi partiyasının maliyyə mənbələrində şəffaflığın olmaması ilə bağlıdır. Avropa Parlamentində “Xalq Partiyası” fraksiyasının üzvü olan Eleni Teoxarus “sifarişli spiker” obrazı və “uydurma strukturlarla əməkdaşlıq” imici ilə tanınır. O, erməni işğalı zamanı Qarabağa səfər edib. Bu cür işlərinə görə Teoxarus Avropa Parlamentinin proqramlarından təcrid olunub.

Eva Kayli

Avropalı deputatların nüfuzunu ləkələyən növbəti qalmaqal hakerlərin Rusiya Dövlət Dumasının əməkdaşı Sarqis Mirzəxanyanın elektron məktublarını internetə sızdırması və erməni piarçının avropalı parlamentariləri Krımın ilhaqını dəstəkləməyə inandırdığı sxemini üzə çıxarması ilə yaranıb. “Eesti Ekspress”, OCCRP, IRPI və “Profil” ilə birlikdə Mirzəxanyanın şəbəkəyə düşən məktublarını təhlil edən “Important Stories” nəşrinin yazdığına görə, təhlil nəticəsində məlum olub ki, bir neçə Aİ ölkəsinin parlamentarisi ilə qarşılıqlı əlaqə onların Yaltada vətənpərvərlik forumlarında və ilhaqdan sonra Krımda keçiriləcək Rusiya seçkilərinin monitorinqində iştirakına görə ödənişlərin edilməsini nəzərdə tuturdu. Avropa parlamentlərində Rusiyayönümlü qətnamələrin qəbulu, o cümlədən Rusiyaya qarşı sanksiyaların ləğvi üçün onminlərlə avro ayrılıb, “düzgün” səsvermə halında isə əlavə ödəniş təmin edilib.

Mirzəxanyan korrupsiya şəbəkəsinə təkcə erməni tanışlarını deyil, hətta öz anasını da cəlb edib. Belə ki, 2017-ci ilin əvvəlində “Hemingway Partners” MMC yaradılıb və bu şirkət Satenik Markaryana, yəni Mirzəxanyanın anasına məxsus olub. Şirkətin təqdimatlarında Mirzəxanyanın reallaşmış layihələri və onun təsirli imkanları – mitinqlərdən tutmuş seçkilərə, “informasiya təhdidlərinin aradan qaldırılması və əks-kampaniyaların aparılmasından” “qərar qəbul edən şəxslərə birbaşa çıxış üçün strategiyanın yaradılmasına” qədər olan imkanlar hərtərəfli təsvir edilib.

Mirzəxanyanın korrupsiya sxemi ilk dəfə İtaliyada həyata keçirilib. İtaliyanın Veneto regionunun Şurası Krımı Rusiyanın bir hissəsi kimi açıq şəkildə tanıyan və anti-Rusiya sanksiyalarının ləğvinə çağıran Avropanın ilk siyasi institutu olub. Venetonun ardınca İtaliyanın daha iki bölgəsi – Liquriya və Lombardiya da Rusiyayönümlü oxşar qətnamələr qəbul edib. Mirzəxanyan bununla kifayətlənməyib. Artıq 2016-cı ilin iyununda o, həmkarına qəribə mətnlə məktub yazıb:

“Səsvermə üçün qiyməti bu böcək mənə də göndərib. Qalanları sizdən asılıdır, necə uyğun görürsünüzsə. Amma mümkün qədər çox olsun”. Bunun nə demək olduğu və söhbətin kimdən getdiyi yazışmadan aydın deyil, lakin məktuba “Avstriya və İtaliyada qətnamələr” adlı yeni “fəaliyyət planı” bərkidilib. Buradan belə çıxır ki, Venetoda qəbul edilən qətnamə daha yuxarı, artıq dövlət səviyyəsinə, İtaliya parlamentinə getməli olacaq. Sənədin sonunda “Smeta” bölməsində deyilir: “20 000 avro + 20 000 avro (depozit), səsvermənin uğurlu alınacağı təqdirdə hər bir hal üçün +15 000 avro”.

Bu məsələdən bir neçə gün sonra qətnamə layihəsi həqiqətən də İtaliya parlamentinə təqdim olundu, lakin Senat onu rədd etdi.

Elə həmin sənəddə oxşar qətnamənin Avstriya parlamentinə təqdim edilməsi üçün smeta da var: “20 000 avro, uğurlu səsvermə halında +15 000 avro”. İcraçı digər milliyyətçi partiya olan Avstriya Azadlıq Partiyasının deputatı Yohannes Hübnerdir. 2016-cı ilin iyununda Hübner həqiqətən də belə qətnamə təqdim etdi, lakin İtaliyada olduğu kimi, Avstriyada da deputatların əksəriyyətinin dəstəyini qazanmadı.

Mirzəxanyanın poçtunda oxşar “fəaliyyət planları” çoxdur – Latviya, Yunanıstan və hətta Avropa Şurası Parlament Assambleyası ilə bağlı olanları var.

Amma Mirzəxanyanın komandası ən böyük uğuru köməkçisi, həm də erməni olan Areq Ağasaryanın ciddi çalışdığı Kiprdə əldə edib. Burada Kipr İşçilərinin Tərəqqi Partiyasına onminlərlə dollarlıq ianələr olub. Məhz Ağasaryanın təklifi ilə bu partiyanın uzunmüddətli baş katibi olan Andros Kiprianu Kipr parlamentinə Rusiyayönümlü qətnamə layihəsi təqdim edib və İtaliya və Avstriyadan fərqli olaraq, Kiprdə qətnamə qəbul edilib. Bu qətnamə İtaliya və Avstriya layihələrindən iki əlavə tələblə fərqlənirdi: ayrı-ayrı ruslara qarşı fərdi sanksiyaların ləğvi, eləcə də Rusiya ilə Ukrayna arasında Minsk razılaşmalarına əməl olunması tələbi.

Bu korrupsiya faktlarını təhlil etdikdən sonra həm Kaspar Karampetyanın, həm də Sarqis Mirzəxanyan və şəriki Areq Ağasaryanın fəaliyyətində vahid istiqamət üzə çıxır: Avropa ölkələrinin marjinal, ultrasağ partiyaları ilə əməkdaşlıq, Avropanın siyasətinə kökündən zidd olan ideyaların təbliği.

Bu sxem uzun illər Azərbaycana qarşı da istifadə olunub. Məsələn, üzvləri nasist və antisemitizm şüarlarından istifadə etmək həvəsi ilə tanınan ifrat sağçı “Almaniya üçün alternativ” (Alternative für Deutschland, AfD) radikal partiyasının üzvləri məhz bu şəbəkənin təklifi ilə qeyri-qanuni olaraq Qarabağ ərazisinə səfər ediblər.

Amma təəccüblənməyə dəyməz, axı həm erməni siyasi piarçılarının, həm də Ermənistanın özünün bu fəaliyyəti erməniçiliyin ümumi ideyasına uyğundur. Axı Qaregin Ter-Arutyunyan və tanınan adı ilə desək, Njde İkinci Dünya müharibəsi illərində nasistlərin şəriki olub, amma Ermənistanda qəhrəman kimi hörmətlə qarşılanır və ölkə rəhbərliyi də buna qarşı çıxmır.

Bütün bu qalmaqallar fonunda bütövlükdə Avropa ölkələri, o cümlədən də Avropa Parlamentinin rəhbərliyi nasizmə, korrupsiyaya və Avropanın fundamental dəyərlərinə zidd olan bütün digər neqativ hallara yer olmayan gələcək haqqında düşünməlidir.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir