Prezident İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində mühüm görüşlər keçirməsinə Avropa Parlamenti əsəbi reaksiya verib.
AP yanvarın 18-də Azərbaycana qarşı qətnamə qəbul edib və ayağını yenidən sürüşən zəminə basıb.
AP-nin anti-Azərbaycan vərdişləri artıq instinktivdir, heç bir sağlam məntiqə, siyasi etikaya və diplomatik prinsiplərə söykənmir.
Bu dəfə də AP özünün eybəcər xüsusiyyətlərini nümayiş etdirib, qətnamədə Laçın yolunun “blokada”da olmasından bəhs olunur. Qətnamənin tezisləri Qarabağ münaqişəsi zamanı tənzimləmə mexanizmi kimi ortaya qoyulan toz basmış sənədlərə istinadları canlandırmaq cəhdidir.
Münaqişə xatirələri ilə mürgüləyən AP-yə daha hansı şillə vurmaq lazımdır ki, o ayılsın?
Birincisi, Qarabağ münaqişəsi yoxdur, Azərbaycan hərb yolu ilə bunu həll edib, açıq qalan məsələlərin həlli isə konflikt prinsipləri ilə üst-üstə düşmür.
İkincisi, “Daş dövründə” qalan sənədlər, o cümlədən “Madrid prinsipləri” belə uyğun format idisə, niyə bu nizamlama prosesinə töhfə vermədi?
Üçüncüsü, Ermənistana qahmar çıxmaq şüuru hansı siyasi vicdana və etik kodeksə söykənir?
Dördüncüsü, Ermənistanın tarix boyu Azərbaycana qarşı etdikləri, soyqırımı və etnik təmizləmə siyasətini cürbəcür yarlıqlarla ört-basdır edən siyasətçilər indi hansı blokadadan danışırlar?
Qətnamənin bəndlərini bir-bir sadalamayacağıq, orada qeyd olunan “Dağlıq Qarabağda humanitar faciə” kimi nağılların hansı nəticə üçün meyar kimi istifadə olunduğu gün işığına çıxır.
Qətnamədə qeyd olunur ki, Qarabağdakı humanitar vəziyyəti qiymətləndirmək üçün BMT və ya ATƏT-in faktaraşdırıcı missiyası Laçın yoluna (onlar dəhliz yazıblar – red.) göndərilsin.
Bu, Ermənistanın revanşizm cəhdlərini alovlandırmaq üçün vaxt qazanmaq siyasətinə dəstəkdir. Qətnamədə utanmadan Helsinki Yekun Aktına istinad olunur, bu da, sadəcə olaraq, birtərəfli və qərəzli yanaşmanın təzahürüdür.
Azərbaycan dövləti Qarabağdakı ermənilərə öz vətəndaşı kimi baxdığını bəyan edib və bunu vahid proqram halına salmaq üçün işlər görür. Azərbaycan Qarabağ mövzusunu daxili təhlükəsizlik işi müstəvisinə gətirib, bundan narahatlıq keçirmək isə yalnız hədyanlardan xəbər verir.
Bütün bunları görməyən və ya görmək istəməyən Avropa Parlamenti bəhanələr kodeksini şişirdərək hücuma keçməyə çalışır. Amma bu həmlələrin dünyaya gətirdiyi sənədlər kağız parçasından o yana bir status qazanmır.
Etik prinsiplərə tüpürməyin belə, bir həddi olmalıdır, amma AP erməni lobbisinin əlində əsir-yesir qalaraq aşınıb və o sərhədləri tapdalayıb.
Avropa Parlamentinin addımları Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyasına qarşı oyunun tərkib hissəsidir. Məqsədlərdən biri də Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq əlaqələrinə zərbə vurmaqdır.
Axı öz daxilindəki korrupsiya skandallarının üstünü basdırmaq üçün hansısa bir layihə gündəmə gətirilməlidir. Bunu da keçdik.
Bəzi faktları xatırladaq, hərçənd ki, Avropa Parlamentinin məkrli məqsədlərindən dönəcəyi gözlənilən deyil:
– Birinci Qarabağ müharibəsinin Azərbaycana vurduğu ağır yaralar bir yana, 2020-ci ilin 10 noyabrından sonra 300-ə qədər soydaşımız mina terrorunun qurbanı olub;
– Ermənistan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərə minalar daşıyıb və bu işdə hələ də həvəsli görünür;
– Humanitar fəlakət əfsanələri uyduran AP, görəsən, Qarabağda aşkarlanan kütləvi məzarlıqları görürmü? Görüb dinmirsə, bunun adını lüğətdə tapmaq belə, çətindir.
Aqşin Kərimov