• Ç. Noy 27th, 2024

Avstraliya parlamentində Azərbaycanla dostluq qrupu yaradılıb

ByYenigun.news

Apr 1, 2024

Avstraliya İttifaqının qanunverici orqanı olan federal parlamentdə 9 senator və 14 konqresmendən ibarət Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupu təsis edilib.

Ölkəmizin Avstraliyadakı səfirliyindən bildiriblər ki, səfirliyin təşəbbüsü və ardıcıl səyləri nəticəsində yaradılan qrupun sədri federal parlamentin Seçki Komitəsinin üzvü, hakim Leyboristlər Partiyasının nümayəndəsi Mayk Frilander, sədrin müavini isə müxalifətdəki Liberal Partiyasından Rik Vilsondur. Qrupun tərkibində, həmçinin Avstraliyanın siyasi həyatında fəal rol oynayan Senatın prezidenti Lins Sue, senator Saymon Börminqham, Seçki Məsələləri üzrə Birgə Daimi Komissiyanın sədr müavini, senator Ceyms Makqart, Senatda Milli Partiyanın fraksiya rəhbəri, senator Ros Kadel kimi nüfuzlu siyasətçilər yer alıblar.

Avstraliya parlamentində Azərbaycan üzrə dostluq qrupunun yaradılması iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın və ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir.

Milli Məclisdə yaradılmış Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərəf müqabili olan Avstraliya-Azərbaycan parlament qrupu iki ölkə arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyətə öz töhfəsini verəcək.

Xatırladaq ki, Milli Məclisində 11 deputatdan ibarət Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir