Bu gün Prezident İlham Əliyev İnam İmdad oğlu Kərimovun Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilməsi və Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında sərəncamlar imzalayıb.
Oxu.Az İ.Kərimovun dosyesini təqdim edir:
İnam İmdad oğlu Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Bakı şəhərində Humanitar Fənlər Gimnaziyasında təhsil alıb.
O, 1994-1995-ci illərdə ABŞ-nin İndiana ştatında “Richmond High School”da təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub.
İ.Kərimov 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sarbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.
O, 2013-cü ildə Sorbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi
alıb.
2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.
2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.
Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə kənd təsərrüfatı naziri təyin olunub.
Sədr ingilis, fransız, fars və rus dillərini bilir.
Evlidir, iki övladı var.