Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolunu imzalamaq səlahiyyətinin verilməsi ilə bağlı Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov AZƏRTAC-a müsahibəsində Prezident İlham Əliyevin bu təşəbbüsünü şərh edib:
“Bildiyiniz kimi, 2023-cü ildə ölkəmizdə ölüm cəzasının ləğv olunmasının 25-ci ildönümü qeyd edilir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən aparılmış humanist siyasət nəticəsində 1993-cü ildən ölüm cəzasının icrasına moratorium tətbiq olunmuş, əfv və amnistiya institutları bərpa edilmiş, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində mühüm addımlar atılmışdır. Ölüm cəzasının ləğv edilməsi təşəbbüsü həmin siyasətin ən bariz nümunələrindən biri olmuşdur.
Ümummilli lider Heydər Əliyev 1998-ci il fevralın 3-də Azərbaycan Respublikasının Milli Məclisinə ünvanlandığı tarixi müraciətində insan həyatının ən yüksək dəyər, yaşamaq hüququnun hər bir insanın təbii və ayrılmaz hüququ olduğunu vurğulamış, ölüm cəzasının tətbiqini insan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan qeyri-insani və amansız tədbir kimi qiymətləndirmiş, bu cəza növünün ləğvinin tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addım və hüquq sistemində islahatların mühüm mərhələsi olacağına əminliyini bəyan etmişdir.
Humanizm, ədalət, azadlıq kimi yüksək ideallara əsaslanaraq irəli sürülmüş bu təşəbbüs sayəsində Azərbaycan Respublikası Şərq aləmində ölüm cəzasını ləğv edən ilk ölkə olub.
Ulu öndər ölüm cəzasının ləğvinə dair milli hüququn mühüm aktlarının qəbulu ilə yanaşı, bu sahədə əsas beynəlxalq sənədlər olan Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Fakültativ Protokoluna, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 nömrəli Protokoluna ölkəmizin qoşulmasının da təşəbbüskarı olub.
XX əsrin 80-ci illərində qəbul edilmiş bu beynəlxalq sənədlərdə ölüm cəzasının ləğvi nəzərdə tutulsa da, müharibə dövründə törədilmiş müharibə cinayətlərinə görə bu növ cəzanın tətbiqi imkanı saxlanılıb. Lakin insan hüquqları sahəsində beynəlxalq hüququn təkamülü ölüm cəzasının bütün hallarda ləğv edilməsi istiqamətində davam edib, nəticədə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolu qəbul edilib.
Vurğulamaq lazımdır ki, ümummilli liderin müəyyən etdiyi humanist siyasətə sadiq qalaraq, ölkəmiz heç vaxt ölüm cəzasının tətbiqi imkanından istifadə etmək niyyətində olmayıb, milli qanunvericiliyimizdə heç bir cinayətlə bağlı ölüm cəzası nəzərdə tutulmayıb. Əksinə, cinayət-hüquq siyasətinin daha da liberallaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər daim görülməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 57 mindən çox şəxsə şamil edilib, imzaladığı əfv sərəncamları 5 900-ə yaxın şəxsi əhatə edib. Eyni zamanda, cinayət qanunvericiliyində edilmiş konseptual dəyişikliklər nəticəsində bir çox əməl dekriminallaşdırılıb, şəxsin cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi əhəmiyyətli dərəcədə genişləndirilib.
Ölüm cəzasının tamamilə, o cümlədən müharibə dövründə və ya qaçılmaz müharibə təhlükəsi zamanı törədilmiş cinayətlərə görə qadağan edilməsi istiqamətində beynəlxalq səviyyədə göstərilən səyləri nəzərə alaraq, 2023-cü il fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolunun Azərbaycan Respublikası adından imzalanması ilə bağlı müvafiq tapşırıqlar verib. Bu addımla dövlətimizin başçısı yaşamaq hüququnu ən yüksək səviyyədə təmin etmək iradəsini bir daha nümayiş etdirib”.