• Ç. Noy 27th, 2024

“Azərbaycan “Böyük Ermənistan” xülyasına birdəfəlik nöqtə qoydu” – ŞƏRH

ByYenigun.news

Sen 24, 2023


“Son 200 ildə Azərbaycan öz torpaqlarını itirə-itirə yaşayıb. 1918-ci ildə Azərbaycan Xalq Cümuhuriyyəti yaradılanda ərazilərimiz 113,9 min kvadrat kilometri olub. 1922-ci ildə ərazilərimizdən Ermənistana verilərək 88 min kvadrat-kilometr qaldı. Sovetlər dövründə müxtəlif yollarla ərazilərimizdən Ermənistana birləşdirməklə 1991-ci ildə təsdiq olunmuş Almatı Bəyannəməsinə əsasən, suverən ərazilərimiz 86,6 min kvadrat/km olduğu dünya birliyi tərəfindən qəbul edildi”. 

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Meclisin deputatı Azər Badamov deyib. O qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarında daima gözü olub və 1990-cı illərin əvvəlində hakimiyyətdə olan boşluqdan istifadə edərək “miatsum” xülyası ilə ərazilərimizin 20%-i yenidən işğal olundu:

“Ermənilərin “Böyük Ermənistan” planları son 200 ildə regionda sabitliyin meydana gəlməsinə imkan verməyib. Ermənilər zaman-zaman qonşu ölkələrin ərazilərini müxtəlif yollarla işğal edirlər və özlərinə dövlətcik quraraq ərazilərin genişləndirilməsinə nail olublar. 100 il əvvəl Azərbaycanın Qərbi Zəngəzur ərazilərini özününkiləşdirən Ermənistan bu illər ərzində qonşuları Türkiyə və Gürcüstana qarşı da ərazi iddialarını irəli sürürdü. Amma bu dövlətcik Azərbaycan əraziləri üzərində qurulub. Əgər biz 60-70 il əvvəlki Ermənistanın toponimlərinə fikir versək, görərik ki, bütün ərazi və yaşayış məntəqələrin adları azərbaycanlılara məxsusdur. Ermənistan zaman-zaman Azərbaycan adlarını dəyişdirirək erməniləşdirib. Ermənistan 30 ildə Azərbaycanın suverən ərazilərinin 20%-i, yəni 10 min kvadrat/km-dan çox həcmdə əraziləri işğal edərək öz çirkin niyyətləri üçün istifadə edib. Ərazilərimizin qeyd-şərtsiz işğaldan azad olunması ilə  bağlı BMT Təhlükəsizlik Şurasında (TŞ) qəbul olunub və dörd qətnaməyə Ermənistan məhəl qoymayaraq icra etməyib. Beynəlxalq hüququn tapdalanmasının cəzasız qalması Ermənistanı daha da ruhlandırıb və “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün  yeni ərazilər uğrunda yeni müharibə edəcəkləri ilə Azərbaycanı hədələməyə başlamışdı.

Azərbaycan Respublikasının rəhbərliyinə Prezident İlham Əliyev gələndən sonra ermənilərin arzuları ürəklərində qaldı. Çünki Prezident İlham Əliyevin vətəninə, torpağına olan böyük sevgisi, ölkənin milli maraqlarını hər şeydən üstün tutması və regionun tarixini yaxşı bilməsi, beynəlxalq siyasət və diplomatiya sahəsində peşəkar olması düşmənləri bütün platformalarda tərksilah etməsinə və Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmasına yol açdı. Bununla paralel ölkədə milli birlik və həmrəylik güclənir, iqtisadi və siyasi müstəqillik təmin olunur və müasir ordu yaradılır. Beləliklə Azərbaycan 2020-ci ildə sözünü demiş, öz gücünü düşmənlərə göstərməklə Ermənistanın “Böyük Ermənistan” ideyasını cəhənnəmə göndərmiş oldu”. 

“Azərbaycan son 200 illik tarixində işğallara məruz qaldığı halda, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ilk dəfə öz torpaqlarını işğaldan azad edə bildi. Torpaqlarını işğaldan azad etməsi və Ermənistanla sərhədlərin nəzarətə alınması heç də daxildə qara yara kimi qalmış erməni separatizmi problemini bitirməmişdi. Yəni, zamanı yetişməmişdi. Prezident İlham Əliyevin dediyi “Nəyi, necə və nə zaman etmək lazımdırsa, mən bilirəm” ifadəsinin doğruluğunu zaman sübut etdi”, – Milli Məclisin üzvü xatırladıb.

A.Badamov vurğulayıb ki, Prezident İlham Əliyev müharibənin başa çatdığı üç ilə yaxın bir zamanda beynəlxalq müstəvidə məsələləri çox diplomatik formada tənzimləyib və sentyabrın 19-da ermənilərin törətdiyi mina terrorunun cavabı olaraq antiterror tədbirlərinin keçirilməsinə tapşırıq verib: “Ordumuz 24 saata yaxın bir müddətdə Ermənistanın 10 min qeyri-qanuni silahlısının tutduğu mövqelərin böyük bir hissəsini məhv etməklə separatçıları ağ bayraq qaldırmağa məcbur etdi. Ermənistan uzun illər xain fikirlərini özündə yaşatdığına görə bir daha məğlubiyyətə düçar oldu. Ermənistanın “Böyük Ermənistan” xülyalarına birdəfəlik nöqtə qoyuldu. Azərbaycan hər zaman “Qarabağ Azərbaycandır!” deyirdi, lakin separatçılar bu ərazilərdə qondarma dövlətlər qurur və müxtəlif şoular düzəldərək beynəlxalq ictimaiyyəti yalan məlumatlara inandırmağa çalışırdı.

Yalanın ayaq tutub yerimədiyini zaman bir daha sübut etdi. Bu gün Azərbaycan erməni separatizminin yuvasını dağıtmaqla özünün bütün suverən ərazilərində konstitusion dövlət quruluşunu bərpa edib. Azərbaycan bu illər ərzində təkcə Ermənistana qarşı vuruşmayıb, həm də Ermənistanı dəstəkləyən böyük güclərə qarşı mübarizə apararaq qalib gəldi və öz ədalətli haqqını bərpa etdi. Dünyada Azərbaycan kimi ədaləti öz gücü ilə bərpa edən dövlətlər çox azdır. Biz bu imzanı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında atdıq. Biz öz torpaqlarımızı azad etməklə ermənilərin region ölkələrinə olan ərazi iddialarını da məhv etmiş olduq”.

Aysel Aslan 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir