Azərbaycan Respublikası milli, dini və etnik müxtəliflik baxımından Şərqi Avropanın, o cümlədən Cənubi Qafqazın ən zəngin dövlətidir. Ölkənin bütün vətəndaşlarının etnik xüsusiyyətləri nəzərə alınır, qorunur və inkişafı üçün şərait yaradılır.
Deməli, hələ 1992-ci il sentyabrın 16-da Azərbaycan Respublikasının keçmiş prezidenti Əbülfəz Elçibəy “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” fərman imzalamışdı. Bu sənədlə ölkənin bütün etnik və dini azlıqlarının hüquqları qorunur.
1995-ci ildə mərhum prezident Heydər Əliyevin dövründə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında da bu məsələ öz əksini tapıb. Əsas Qanunun 48-ci maddəsində bildirilib: “Hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər-hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”.
Konstitusiyanın 25-ci maddəsində “Bərabərlik hüququ” ölkədə bu sahədəki məsələləri həll edir:
“Dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”.
Mərhum dövlət başçısı Heydər Əliyevin siyasi irsini və əsasını qoyduğu ənənələri inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət dini konfessiyaların dinc yanaşı yaşamasını, qarşılıqlı əlaqəsini, müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə səy göstərmələrini təşviq edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə islam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələri, məscidlər, ziyarətgahlar, müqəddəs dini sitayiş, inanc yerlərinin təmiri və bərpası ilə bağlı görülən işlər deyilənləri bir daha təsdiqləyir.
Dövlət başçısının 2021-ci il iyulun 8-də imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qafqaz Müsəlmanları İdarəsinə iki milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150 min manat, Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150 min manat və Alban-Udi xristian dini icmasına 150 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100 min manat ayrılıb.
“Dini etiqad azadlığı haqqında” qanuna son zamanlar edilən dəyişikliklər Azərbaycanda bu istiqamətdə atılan vacib addımlardandır. Bu, dövlətin dinə himayədarlığına aid nümunələrdəndir. Prezident İlham Əliyev hər il Azərbaycan vətəndaşlarını dini bayramları münasibətilə təbrik edir.
2019-cu il noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilib. Dövlət başçısı həmin tədbirdəki çıxışında bildirmişdi:
“Biz islam dininə sadiqik. Öz dinimizi təbliğ edirik, eyni zamanda Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edirlər. Beləliklə, ölkəmizdə çox gözəl ictimai ab-hava vardır. Beynəlxalq təşkilatlar, eyni zamanda dünya dini liderləri Azərbaycanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirirlər. Azərbaycana bir neçə dəfə səfər etmiş Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, Azərbaycana səfər etmiş Roma Papası Fransisk, İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik etmiş şəxslər Azərbaycanda dinlərarası dialoqun yüksək səviyyədə təşkil edilməsi haqqında dəfələrlə öz sözlərini demişlər”.
Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar torpaqların işğaldan azad edilməsində fədakarlıq göstərib, qazi və şəhid olublar. Yəhudi əsilli Azərbaycan vətəndaşı Albert Aqarunov 1991-ci ildə Azərbaycan Ordusunda könüllü vuruşmağa başlayıb. O, 1992-ci ildə Azərbaycanın Şuşa şəhəri yaxınlığında erməni snayper tərəfindən qətlə yetirilib. Aqarunova ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adı verilib, Bakıdakı Şəhidlər xiyabanında dəfn olunub. Yəhudi icmasının Azərbaycanda əmin-amanlıq şəraitində yaşadığını İsrailin keçmiş baş naziri Benyamin Netanyahu 1997 və 2016-cı illərdə və İsrailin məhrum prezidenti Şimon Peres isə 2009-cu ildə Bakı səfərlərində də qeyd ediblər.
Denis Pronin və Dmitri Solntsev də Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda canlarından keçiblər. Hər ikisi ölümündən sonra dövlət medalları ilə təltif olunub. 44 günlük müharibə dövründə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata xristianlar arasında şəhidlərin olduğunu vurğulayaraq demişdi:
“Bu yaxınlarda onlardan biri şəhid olmuşdu, dəfn mərasimində iştirak etdim. İcmamız tərəfindən hərbçilərə kömək üçün yardımlar, dərmanlar, ərzaq da toplanıb. Hamı qısa zamanda qələbə istəyir”.
Azərbaycan torpaqlarının işğaldan azad olunmasında iştirak etmiş dini azlıqların nümayəndələrinə aid iki nümunəni göstərdik. Bu icmaların nümayəndələri arasında qazi olanlar, xeyli veteran var.
İşğaldan təmizlənən torpaqlarda ermənilər işğal müddətində dini abidələri dağıdıblar. Azərbaycan həmin ərazilərdəki islam, xristian dinlərinə aid abidələri bərpa edir. Məscidlərin, alban kilsələrinin bərpası və yenidən qurulmalarını buna örnək göstərmək olar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıya əsasən, işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi-dini abidə olduğu göstərilir. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Ermənilər ələ keçirdikləri ərazilərdə 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli doqquz sarayı qarət edərək yandırıblar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub, 44 məbəd və doqquz məscid təhqir edilib. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 600 min kitab və misilsiz əlyazma nümunələri məhv edilib. Prezidentin başçılığı ilə torpaqlarla yanaşı, mədəniyyət abidələri də azadlığına qovuşdu.
Azərbaycanda dini azlıqların mədəniyyət mərkəzləri fəaliyyət göstərir. “Soxnut” Yəhudi Mədəniyyət Mərkəzi, “Azərbaycan Udi Ocağı” fəaliyyətdədir. Udilərin mədəniyyət mərkəzi Qəbələ rayonunun Nic kəndinin Qocabəyli məhəlləsində yerləşir. Üç hektardan artıq ərazidə yerləşən açıq səma altındakı bu park-muzey udi xalqının mədəniyyətini, ənənələrini, məişətini və yaşayış tərzini əks etdirən simvolik bir etnoqrafik kənddir.
Son zamanlar Avropada başqa mədəniyyətlərin və dinlərin nümayəndələrinə dözümsüzlük nümayiş etdirilir. KİV-də məscidlərin, sinaqoqların təhqir edildiyinə dair informasiyalar yayılır. Özünü tolerant kimi göstərən belə dövlətlərdə milli, dini, etnik ayrı-seçkilik günü-gündən güclənir. Heç kimə sirr deyil ki, Suriyada, İraqda və dünyanın başqa bölgə və ölkələrindəki münaqişələr heç də həmişə həmin dövlətlərin vətəndaşlarının ucbatından baş vermir.
Bu hadisələrin törədilməsində Avropa ölkələrinin də rolu yox deyil. Avropa İttifaqına daxil olan dövlətlər Suriya və İraqdan olan qaçqınları qəbul etmək istəmirdi. Bu səbəbdən dörd milyona yaxın suriyalı və iraqlının Türkiyədə qalmasına çalışdılar. Ancaq Avropa İttifaqı Ukraynadakı hadisələr nəticəsində qaçqın düşən ukraynalıları daha səmimi qəbul etdi. Bu, ayrı-seçkiliyə nümunələrdən sayıla bilər. Odur ki, bu kimi məsələlər baxımından Azərbaycan Avropa və dünyanın bir çox ölkəsindən daha dözümlü və irəlidədir.
Əlbəttə, ölkədə bu birliyi dağıtmaq istəyən kənar əllər də yox deyil. Onlar bu yolla Azərbaycan cəmiyyətinin birliyinə zərbə vurmağa çalışırlar. Onlar torpaqlar işğal altında olan zaman Azərbaycan vətəndaşları arasında təcavüzkara atəş açmamağı təbliğ etməklə erməniləri və Ermənistanı müdafiə edirdilər.
Dost da, düşmən də çətin gündə, darda tanınar. 44 günlük müharibə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər vətəndaş üçün sınaq idi. Həmin savaşdan və sınaqdan ölkənin hər vətəndaşı qalib, alnıaçıq, üzüağ çıxdı. Bu, Azərbaycan cəmiyyətinin daha mədəni və tolerant olmasının sübutdur. Bütün bunlar Azərbaycandakı vicdan azadlığı və mədəni azadlığın nəticəsidir. Bu istiqamətdə azadlıqlar cəmiyyətin birliyinin təməlidir.
“Report” İnformasiya Agentliyi