Azərbaycan-Ermənistan sülh gündəliyinin gələcəyi ikitərəfli münasibətlər üzrə buzların əriməsi baxımından proqressiv olsa da, beynəlxalq kontekstin mürəkkəbliyi nəzərindən dalan nöqtələrə də sahibdir.
Ermənistanda Azərbaycana qarşı kin-küdurət ara vermir, Azərbaycan isə münaqişə zamanı özünə edilən haqsızlıqları, Xocalı soyqırımını, qırğınları unutmur – bu iki aspekt sülh müqaviləsinin hazırlanması üçün lazım olan ideoloji bazanı çətinə salır.
İrəliyə doğru addım budur ki, Azərbaycan Ermənistana mövcud reallıqları dərk etdirir, münaqişə zamanının leksikonundan uzaqlaşdırır, İrəvana bəhanə verəcək barmaq yerləri buraxmır.
Bu, hər iki tərəfin münaqişə dövrünə son qoymaq və hərtərəfli sülh sazişi əldə etmək öhdəliyi götürməsi ilə yadda qalır.
Artıq Ermənistanın Qarabağı Azərbaycanın ərazi bütövlüyünün tərkibində görməsi beynəlxalq münasibətlər sistemi baxımdan Bakı üçün xeyli üstünlüklər vəd edir.
Amma Ermənistan köhnə leksikona qayıtmaq şakərindən imtina etməyib, bu amil regionda münaqişə dövrünün lüğət fondundan yararlanan geosiyasi ambisiyaların bir-birini izləməsinə şərait yaradır.
Bu cığırda kim irəli düşəcək, mayak olacaq – bunun uğrunda gedən mübarizə Azərbaycan-Ermənistan sülh proqramının yekunlaşmasını axsadır.
Bakı-İrəvan gündəliyində işarə fənəri olmaq üstündə əsas rəqabət Qərb-Rusiya arasında gedir, hərçənd, Türkiyənin də regional oyunçuluq potensialı sülh üçün həlledici açara çevrilir.
İranın izlədiyi xətt isə sülhün əldə edilməsi yönündə, onsuz da, kövrək olan prosesləri məcrasından çıxarıb onu münaqişəli ruha kökləməkdən ibarətdir.
Risklərə rəğmən, Azərbaycanla Ermənistan arasındakı danışıqların dolğun və enerjili mərhələsi gözə çarpmaqdadır, top İrəvandadır, indi o, cəsarətli və qətiyyətli addımlar atıb düzgün qərarlar çıxarmalıdır.
Hərçənd ki, Azərbaycan tərəfindən buna inam o qədər də yüksək səviyyədə deyil, çünki regional təhdidlərin yedəyində İrəvanın yapışdığı bəzi bəhanələr Bakının şərt və tələbləri ilə üst-üstə düşmür.
Fikrimcə, bu, əsasən, üç məsələ ilə əlaqədardır:
1. Zəngəzur dəhlizi;
2. Sərhədlərin delimitasiyası;
3. Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına böyük qayıdışı.
Qarabağdakı erməni əhalinin hüquq və təhlükəsizliyi məsələsində Ermənistanın tezisləri isə həmin üç böyük məsələnin içərisində əriyir, yəni artıq Qarabağla bağlı İrəvanın əlində xal yoxdur, sadəcə olaraq, təkrar sözlərlə ona edilən təzyiqlərin üzərini örtməyə çalışır.
Həmin üç məsələ ilə bağlı bəzi detallar isə hələ də aydınlaşdırma tələb edir, hərçənd, variantların hərtərəfli fəal şəkildə öyrənilməsi üçün danışıqların normal tempdə olduğunu deyə bilərik.
Real irəliləyişlər yaxın gələcəkdə atılacaq növbəti addımlardan və veriləcək qərarlardan, bu istiqamətlər üzrə proqrama qarmaq atan böyüklərin ambisiyalarının dərəcələrindən asılıdır.
Asılılıq deyəndə ki, ümumilikdə Bakı-İrəvan xəttindəki sülhməramlı əməliyyatlarda önə çıxmaq uğrunda rəqabətin getdikcə kəskinləşəcəyi gözlənilir. İndi Bakı həmin şişən maraqlar fonunda öz şərtlərini diktə etdirməklə istədiklərinə nail ola bilər.
Moskva ilə Qərb vahid cəbhə kimi çıxış etməsələr də, yekunda onların iştirakı ilə maraqları uzlaşdıran sülh mümkündür, ancaq səhmdə çox pay almaq üçün vasitəçilər Azərbaycan-Ermənistan münasibətlərinə daha çox təsir etməyə çalışacaqlar.
Rusiyanın əlində Qarabağa müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti kartı var, ABŞ isə diqqətini Moskvanın təsirlərini azaltmaq istiqamətində effektiv sayıla biləcək mövqelərə cəmləyir.
Avropa İttifaqı neytrallığını qoruyub-saxlayır, o, Qərb platforması olsa da, Rusiya-Ukrayna müharibəsinə qədər həm Moskva, həm də Vaşinqtonun strateji maraqlarının balanslaşdırıcısı qismində idi.
Ancaq Rusiya Ukraynada çətinliklərlə üzləşdikcə və regional təsirlərində problemlər çıxdıqca Avropa İttifaqı Vaşinqtonun kölgəsi kimi görünməyə başladı, ancaq o, hələ də ən etibarlı, gizli gündəliyi olmayan vasitəçi kimi öndə dayanır.
Rusiya çalışacaq ki, növbəti Brüssel formatında və ya Vaşinqton formatında görüşlərə qədər müzakirə təşkil edib özünü göstərsin.
ABŞ isə böyük bir ehtimalla Azərbaycan və Ermənistan arasındakı ali səviyyəli görüşü Vaşinqtonda təşkil etmək istəyəcək, lakin buna Moskvanın reaksiyası “amansız” ola bilər.
Aqşin Kərimov